Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri Şuşaya səfər edib

Şuşa qalası

© APA | Şuşa qalası

# 10 sentyabr 2021 16:16 (UTC +04:00)

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri bu gün Şuşa şəhərinə səfəri edib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkil etdiyi səfər çərçivəsində 30 gənclər təşkilatının 50-də çox nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada tarixi-mədəni abidələr, erməni vandalizminin acı nəticələri, qədim şəhərin görkəmli yerləri, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olub.

Səfər çərçivəsində nümayəndə heyəti Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələr, həmçinin Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən və qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət edib.

Gənclər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirələrini dərin ehtiramla yad ediblər.

Şuşa səfər zamanı 44 günlük Vətən müharibəsi dövründə gənclər təşkilatlarının fəaliyyəti və Qarabağa qayıdışla bağlı qarşıdakı fəaliyyət planları müzakirə edilib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev bildirib ki, Şuşa şəhərində olmaq onlara unudulmaz təəssürat bağışlayır: “Bir neçə il əvvəl bizə desəydilər ki, doğma torpaqlarımızı bu qədər qısa müddətdə işğaldan azad edəcəyik, bəlkə də inanmazdıq. Amma əmin idik ki, mənfur düşməni torpaqlarımızdan gec-tez qovacağıq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, ordumuzun qəhrəmanlığı və peşəkarlığı sayəsində artıq dədə-baba torpaqlarımıza qayıtmışıq”.

A.Əmirov yaşadığı hissləri sözlə ifadə etməkdə çətinlik çəkdiyini deyib: “Otuz ilə yaxın davam edən işğaldan sonra əzəli torpaqlarımıza qovuşmaq olduqca qürurverici hisdir. Ən önəmlisi odur ki, biz doğma Qarabağımıza qalib xalqın nümayəndələri, gəncləri kimi qayıtmışıq. Bununla yanaşı, erməni vandalları tərəfindən dağıdılan şəhər, qəsəbə və kəndlərimizi gördükcə insan dəhşətə gəlir”.

Artıq böyük qayıdışın başladığını qeyd edən A. Əliyev Azərbaycan gənclərinin də bu prosesdə böyük rol oynamaq əzmində olduqlarını vurğulayıb: “Doğma Qarabağa böyük qayıdış prosesi artıq başlayıb və uğurla davam edir. Burada həyata keçirilən nəhəng quruculuq işləri bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanın gənclər təşkilatlarının üzvləri də bu quruculuq işlərinə böyük töhfələr vermək əzmindədirlər”.

Qeyd edək ki, gənclər təşkilatlarının nümayəndələri Gənclər Fondunun təşkilatçılığı ilə bundan əvvəl Ağdam şəhərinə də səfər ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR