Azərbaycanlı prokuror Litva polisinə dair beynəlxalq hesabat hazırlayıb

GRECO-nun 89-cu Plenar İclası

© APA | GRECO-nun 89-cu Plenar İclası

# 07 dekabr 2021 14:34 (UTC +04:00)

Fransanın Strasburq şəhərində Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu – GRECO-nun 89-cu Plenar İclası hibrid rejimdə – distant və əyani şəkildə keçirilib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, iclasda iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev beynəlxalq antikorrupsiya mütəxəssisi qismində Litva və Moldova Respublikalarının qiymətləndirilməsini həyata keçirib.

Belə ki, E.Musayev İsveç, İspaniya və Latviyalı mütəxəssislər ilə birgə Litva Respublikasında “Mərkəzi İcra Hakimiyyəti və Hüquq Mühafizə orqanlarında korrupsiyanın qarşısının alınması” sahəsində qiymətləndirməni həyata keçirərək Litvanın Polisi və Sərhəd Xidmətinə dair tövsiyələr hazırlayıb. Şəffaflığın artırılması, etik davranışın gücləndirilməsi, maraqlar toqquşmasının aradan qaldırılması sahəsində real tədbirlərin həyata keçirilməsi, qanun pozuntularına görə intizam və məsuliyyətin tətbiq edilməsinə dair ölkə üzrə vahid təcrübənin formalaşdırılması, polis əməkdaşlarının bu sahədə təlimləndirilməsi və istiqamətləndirilməsi üçün lazımi infrastrukturun təşkil edilməsi, o cümlədən mütəmadi şəkildə hazırlıq kurslarının keçirilməsinə dair tövsiyələri əks etdirən hesabat layihəsi plenar iclasda qəbul edilib.

Eyni zamanda, E.Musayev “Deputatlar, hakimlər və hakimlərin fəaliyyətində korrupsiyanın qarşısının alınması” sahəsində Portuqaliyalı ekspert ilə yanaşı əvvəlki dəyərləndirmə mərhələsində verilmiş tövsiyələrin icrası ilə əlaqədar görülmüş işləri qiymətləndirmişdir. Moldovanın hakim korpusuna etimadın gücləndirilməsi, Moldovanın Məhkəmə-Hüquq Şurasının tərkibi, moldovalı hakim və prokurorlarının fəaliyyətinin qiymətləndirilməsi, şəffaflığın artırılması sahəsində görülən praktiki tədbirlərin həyata keçirilməsində müəyyən işlərin görülməsi qeyd olunub, bu istiqamətdə fəaliyyətin davam etdirilməsi vurğulanıb. Azərbaycanlı mütəxəssisin hazırladığı hesabat da Plenar iclasda qəbul edilib.

GRECO-nun növbəti iclasının gələn ilin mart ayında keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR