Azərbaycanlı tədqiqatçılar Türkiyədə 12 min illik tarixə malik "Daş təpələr"də arxeoloji qazıntılarda iştirak edəcək

Fərhad Quliyev

© APA | Fərhad Quliyev

# 24 sentyabr 2021 10:22 (UTC +04:00)

Gələn ildən etibarən azərbaycanlı tədqiqatçılar Türkiyənin Şanlıurfa şəhərində yerləşən 12 min illik tarixi olan "Daş təpələr"də aparılan arxeoloji qazıntılarda iştirak edəcək.

APA-nın Şanlıurfaya ezam olunan əməkdaşının məlumatına görə, bunu 2023-cü ildə" Daş təpələr" (Göbəklitəpə) neolit dövrünə həsr olunacaq beynəlxalq konfransın təqdimatında iştirak edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, 2008-ci ildən etibarən Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutunun ən qədim dövrlə məşğul olan bir qrup mütəxəssisi İstanbul Universiteti ilə əməkdaşlıq edir: "Artıq bir çox görüşlərimiz həyata keçirilib. Uzun zamandır bir yerdə tədqiqatlara başlamağı planlaşdırırdıq. Bu gün Türkiyədə çox möhtəşəm arxeoloji mədəniyyət var. Bu isə Göbəklitəpə abidəsinin aşkar olunması ilə bağlıdır. Bu abidənin ətrafında artıq bir neçə Göbəklitəpə tipli e.ə. XII minilliyə aid olan mədəniyyət abidələrinin aşkar olunması Anadolunun qədim sivilizasiyaların yaranışının mərkəzi hesab etməyə əsas verir. Bunu artıq xarici mütəxəssislər də qəbul edir. Gələn ildən etibarən Türkiyə hökuməti qazıntı işlərini genişləndirəcək. Təxminən 12 abidədə çox əsaslı tədqiqat işləri gedəcək. 2023-cü ildə dünya neolit dövrü mövzusunda böyük bir konqresin keçirilməsi nəzərdə tutulur. Bizim burada qədim arxeoloji mədəniyyətlərə dair bölməmiz fəaliyyət göstərəcək. Orada bir neçə tədqiqatçı təqdimatla çıxış edəcək. Ən əsası budur ki, gələn ildən etibarən UNESCO-nun siyahısına daxil olan mədəniyyət abidələrində azərbaycanlı arxeoloqlarının iştirakı mümkün olacaq. İlkin olaraq bir neçə mütəxəssis və tələbəni tədqiqatlara cəlb edəcəyik. İstəyirik ki, tədqiqat qruplarından biri də Azərbaycandan olsun. Hazırda bu istiqamətdə işlərimiz uğurla davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR