Bahar Muradova AK Partiya Qadınlar Birliyinin sədri ilə görüşüb - FOTO - VİDEO - YENİLƏNİB

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova

© APA | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova

# 27 iyul 2021 10:31 (UTC +04:00)

Bu gün Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Qadınlar Birliyinin sədri Ayşe Keşir və Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova arasında görüş keçirilib.

APA-nın məlumatına görə, B. Muradova deyib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər bu gün yüksək səviyyədədir: “Dövlətlərimiz və xalqlarımız arasında münasibətlər tərəfdaşlığa, dostluğa, qardaşlığa əsaslanır və iki dövlətin, xalqın maraqlarına uyğun inkişaf edir. Biz bütün çətin dörəmlərdə bir-birimizin yanında olmuşuq”.

Azərbaycanın müstəqil, demokratik dövlət olduğunu vurğulayan B. Muradova Türkiyənin də tək bölgədə deyil, dünyada mühüm aktor olduğunu söyləyib: “Türkiyə və Azərbaycan münasibətləri ilə bağlı Mustafa Kamal Atatürk “sevincimiz sevincimiz, kədərimiz kədərimiz”, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev “bir millət, iki dövlətik” deyib. 44 günlük savaşda Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbə qazandı və bu qələbənin əldə olunmasında qardaş Türkiyənin siyasi, mənəvi dəstəyi böyük rol oynadı”.

B. Muradova Şuşa Bəyannaməsinin iki dövlət və xalq arasında gələcək münasibətlərinin inkişafında önəmli rol oynayacağını söyləyib: “AK Partiya və YAP arasında əməkdaşlıq protokolu imzalanıb. Bu, iki partiya arasında əməkdaşlığın inkişafı istiqamətlərini müəyyən edir. Bu gün sizin Azərbaycana səfəriniz böyük əhəmiyyətə malikdir. Münasibətlərin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflər ardıcıl surətdə həyata keçiriləcək. Bu istiqamətdə partiyamızın qadınları da üzərinə düşən vəzifələri yerinə yetirəcək”.

AK Partiya Qadınlar Birliyinin sədri Ayşe Keşir 30 il əvvəl mətbuatda çalışdığı illərdə Azərbaycanla yaxından maraqlandığını bildirib: “Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olduğumuzu dünyaya elan edirik. Türkiyə Prezidenti, AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan partiya fəaliyyətində qadınların roluna xüsusi diqqət yetirir. Bu, mənim Azərbaycana ilk səfərim deyil. Mən Şuşa Bəyannaməsi imzalanan zaman da orda idim. 44 günlük savaşı yaxından izlədik, Şuşaya Azərbaycan bayrağı taxılanda ağladım. Şuşaya böyük sevinclə getdim. Dərdimiz dərdiniz, sevinciniz sevincimizdir”.

A. Keşir həm də 3 dönəmdir ki, millət vəkili olduğunu nəzərə çatdırıb: “AK Partiyanın 5,5 milyon üzvü var. AK Partiyanın rəhbər orqanlarında yer alanların 20-25 faizi qadınlardır. Partiyanın Gənclər Birliyinin üzvləri sırasında da qadınlar var. Ancaq biz bununla bərabər, partiyada Qadınlar Birliyində təşkilatlanmışıq. Biz qadınların ictimai həyatda fəallığı, təhsili, iş imkanlarının artırılması istiqamətində çalışmışıq və sədrimiz Rəcəb Tayyib Ərdoğan da qadınların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirir. Dünən bizi qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev də qadılar arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirilməsini vacib saydı. Mən həm də sizi Türkiyəyə səfərə dəvət edirəm, tək Ankarada deyil, Türkiyənin başqa şəhərlərində də görüşlər keçirə bilərik ”.

AK Partiya Qadınlar Birliyinin sədri Ayşe Keşir Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə çalışacaqlarını vurğulayıb.

B. Muradova Azərbaycanda qadın və kişilərin hüquq bərabərliyinin təmin olunduğunu söyləyib: “Buna görə də YAP-ın son qurultayında struktura dəyişiklik edildi, artıq ayrıca fəaliyyət göstərən qadın təşkilatı yoxdur. Partiyanın qurumlarında da gender bərabərliyi təmin olunur. Bəzən hətta mənə Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin adında nə üçün kişi sözü olmadığını irad tuturlar. Biz qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, qadınlara qarşı zorakılığın qarşısının alınmasını da xüsusi diqqət mərkəzində saxlayırıq”.

Komitə sədri Azərbaycan və Türkiyənin regionda yeni reallıqlar yaratdığını vurğulayıb: “Bu baxımdan “Altılıq formatı”nda əməkdaşlıq təklifini də xüsusi qeyd etmək istəyirəm”.

B. Muradova bir zaman işğaldan azad edilmiş Füzuli rayonundan olduğunu xatırladıb: “Biz şəhidərin ailələrini, qaziləri xüsusi diqqətdə saxlayırıq. Biz qazandığımız qələbəyə görə onlara borcluyuq. Biz şəhid ailələri və qazilərə qayğı sahəsində Türkiyənin bu sahədə təcrübəsini öyrənməkdə maraqlıyıq”.

Komitə sədri türkiyəli həmkarını da Azərbaycana səfərə dəvət etdiyini və onun Azərbaycana səfərini gözlədiyini bildirib: “Bir daha səfər təklifimi türkiyəli nazir həmkarıma çatdırmağımı xahiş edirəm”.

Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR