Bakıda Fransız-Azərbaycan əmək və karyera sərgisi təşkil edilib - FOTO

Bakıda Fransız-Azərbaycan əmək və karyera sərgisi təşkil edilib

© APA | Bakıda Fransız-Azərbaycan əmək və karyera sərgisi təşkil edilib

# 15 oktyabr 2021 11:02 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti, Azərbaycan-Fransa Ticarət Palatası, Azərbaycan-Fransa Məzunları Assosiasiyası Fransız-Azərbaycan əmək və karyera sərgisi təşkil edib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros bildirib ki, sərgi məşğulluq imkanlarını artırır: "Fransız-Azərbaycan mühitinin nümayəndələrinin maksimal dərəcədə uğur qazanmasına çalışırıq. UFAZ-da təhsil alan tələbələr bu cür fürsətdən yararlanmalı, öz gələcəklərinin sahibi olmalıdırlar. Fransanın Azərbaycandakı səfirliyi “TotalEnergies” və digər qurumlarla birgə Fransada təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün təqaüd müəyyən edir. Kifayət qədər imkanlar var, biz müsbət dinamika ilə irəliləyirik".

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib ki, 2019-2023 illəri əhatə edən dövlət proqramı daha çox doktorantura təhsili ilə bağlıdır: "Ötən 18 ay ərzində pandemiyaya baxmayaraq, 84 vətəndaşımız dünyanın ən nüfuzlu universitetlərində təhsil alır. Onlardan 20-yə yaxın Azərbaycan vətəndaşı məhz Fransada təhsil almaq hüququ qazanıb. Xaricdə təhsil alan şəxslər işğaldan azad edilmiş ərazilərin qurulmasında da iştirak edəcək. Beynəlxalq təcrübəyə malik olan kadrlara ehtiyac var. Cəmiyyət və hökumət də bunun əhəmiyyətini bilir. Bu baxımdan dövlət başçısı tərəfindən xaricdə təhsillə bağlı yeni dövlət proqramı ilə bağlı sərəncam verib. Bununla da vətəndaşların dünyanın ən nüfuzlu universitetlərində təhsil alması missiyası həyata keçiriləcək”.

Qeyd edək ki, sərgi Fransa ali təhsil sistemində təhsil almış və həmçinin gənc azərbaycanlı frankofonlara və digərlərinə, Azərbaycanda təklif edilən karyera və əmək imkanlarını kəşf etmək arzusunda olan bütün akademik profilli (dillər, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) gənc azərbaycanlılara (yuxarı sinif şagirdləri, tələbələr, gənc peşəkarlar, və s.) ünvanlanır. Sərgi onlara Fransa və Azərbaycan şirkətlərinin nümayəndələri (menecerlər, işə götürənlər, məsləhətçilər və s.) ilə ünsiyyət qurmağa və Fransada ali təhsil alan bir çox azərbaycanlı məzunun peşəkar uğur yollarını kəşf etməyə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR