Bakıda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dair regional seminar keçirilir - FOTO

Bakıda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dair regional seminar keçirilir - FOTO
# 25 noyabr 2021 11:05 (UTC +04:00)

Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzinin (MRTM) Yol Xəritəsinin tərtib edilməsi üçün birgə tövsiyələrin hazırlanması məqsədilə regional seminar keçirilir.

APA-nın məlumatına görə, tədbir “Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində baş tutur.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, "Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək" layihəsi bir ildir icra olunur. Layihənin məqsədi region ölkələrini miqrasiya sahəsi üzrə təlimləndirməkdir: "Yol Xəritəsi ilkin qiymətləndirmə əsasında yaradılacaq. Bir il ərzində təlim mərkəzi tərəfindən 3 təlim keçirilib və 53 nəfər iştirak edib. Birinci təlimdə 10 ölkədən iştirak olub, eyni zamanda bu gün təlim mərkəzinin saytının da təqdimatı keçiriləcək, yaxın zamanda onlayn məlumat bazası da olacaq. Bu, təkcə təlim mərkəzi olmayacaq, həmçinin yaxşı təcrübələr bölüşüləcək".

V. Hüseynov deyib ki, son illər miqrasiya sahəsi də çox sürətlə yenilənir: "Bir ildən çoxdur torpaqlarımız işğaldan azad edilib, bu da daxili miqrasiya ilə bağlı yeniliklər gətirəcək, bu sahədə yaxşı təcrübələr, idarəetmənin təşkili də gələcəkdə Təlim Mərkəzinin fokuslandığı məsələlərdən biri olacaq".

BMT-nin Azərbaycan üzrə rezident əlaqələndirici Vladanka Andreeeva deyib ki, Regional Təlim Mərkəzinin yaradılması region dövlətlərinə və miqrantlara öz xeyrini verəcək: “Burada təcrübələr, biliklər paylaşılacaq. Bu layihənin icrası dayanıqlı inkişaf məqsədlərinə, xüsusən də 3 hədəfə - məsuliyyətli, nizamlı miqrasiyanın həyata keçirilməsinə, şəffaf hesabatlılıq institutunun yaradılmasına və səmərəli potensialın artırılmasına yardım edəcək. Biz miqrant qızları, qadınları da müdafiə etməliyik".

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qorjiyev isə Regional Təlim Mərkəzinin məhz Bakıda açılmasının səbəbini açıqlayıb: “Bakı çox unikal və gözəl şəhərdir, burada infrastruktur, təhlükəsizlik və resurs potensialı yüksəkdir. Mən Azərbaycana gələndə dərk etdim ki, əslində cənub, şərq, qərb burada birləşir, ona görə belə mərkəzin burada olması əhəmiyyətlidir".

Qeyd edək ki, 2 gün davam edəcək tədbirdə Moldova, Belarus, Türkiyə, Qırğızıstan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkmənistanın miqrasiya agentlikləri, region ölkələrindən vətəndaş cəmiyyəti və təhsil qurumlarının nümayəndələri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR