Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpozium keçirilib

“Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusuna həsr olunmuş simpozium

© APA | “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusuna həsr olunmuş simpozium

# 09 iyun 2021 19:17 (UTC +04:00)

Bu gün Bakıda türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu ildönümü, İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfəri və Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümünə həsr edilmiş simpozium keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusuna həsr olunmuş tədbiri TÜRKPA, Milli Məclis və Azərbaycanda Atatürk Mərkəzi birgə təşkil ediblər.

Simpoziuma ev sahibliyi edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov qurumun yaranmasında Ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd edib. Atatürk irsinin, ümumiyyətlə türk tarixinin və mədəniyyətinin dərindən öyrənilməsi, təbliğ olunması istiqamətində görülən işlərdən danışıb.

TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov qeyd edib ki, bu simpoziumun təşkilində əsas məqsəd tariximiz, mədəniyyətimiz, dünyadakı türkdilli xalqların yeri və türk dünyasının gerçək dəyərləri ilə əlaqədar tədbirlər təşkil etməklə türkdilli xalqlar arasında qardaşlıq əlaqələrini gücləndirmək, beynəlxalq əlaqələrin daha da inkişafına yol açmaqdır. A. Mamayusupov onu da nəzərə çatdırıb ki, TÜRKPA digər əlaqədar təşkilatlarla birgə türk dövlətləri arasındakı əməkdaşlığa lazımi qanunvericilik dəstəyi verməkdə davam edir.

Açılış mərasiminə videokonfrans formatında qatılan TÜRKSOY-un Baş katibi Düsen Kaseynovun və Beynəlxalq Türk Akademiyasının Prezidenti Darhan Kıdıralinin çıxışları dinlənildikdən sonra simpoziumda iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva və TBMM-in millət vəkili, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri İsmət Uçma türk dünyasının dünəni, bu günü və gələcəyi barədə fikirlərini bölüşüblər.

Sonra tədbirdə Azərbaycan və Türkiyə parlamentləri sədrlərinin videomüraciətləri nümayiş etdirilib.

Milli Məclisin Sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova simpoziuma videomüraciətində bildirib ki, tarix boyu türkdilli xalqlar bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr veriblər. Sahibə Qafarova Vətən müharibəsində qazanılan böyük qələbənin önəmli nəticələrindən biri kimi, ölkələrimiz arasında birbaşa bağlantı quracaq Zəngəzur dəhlizinin inşası üçün tarixi imkan yaranmasına diqqət yönəldib. Deyib ki, indiyədək bölgədə uğurla həyata keçirilmiş transmilli enerji-nəqliyyat layihələri ilə birlikdə bu dəhliz türk dövlətləri arasında iqtisadi əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq.

Sonra tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun videomüraciəti dinlənilib. Qardaş ölkənin spikeri türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu ildönümünü və TBMM-nin 100-cü ildönümünü qürurla qeyd etdiklərini, İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfərindən iftixar duyduqlarını vurğulayıb. Deyib ki, türk dövlətləri arasındakı həmrəyliyin gündən-günə möhkəmlənməsi, iş birliyinin daha da güclənməsi bizlər üçün iftixar mənbəyidir.

Açılış mərasimi başa çatdıqdan sonra simpozium işini 3 paneldə davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR