Baş infeksionist: “Peyvəndlərin Azərbaycanda nə qədər insanın ölümünün qarşısını aldığı hesablanmalıdır”

Təyyar Eyvazov

© APA | Təyyar Eyvazov

# 07 oktyabr 2021 12:53 (UTC +04:00)

“Peyvəndlə bağlı qərarlar fövqəladə hallar üçün verilib. Ola bilər ki, bu fövqəladə hal qurtarandan sonra hansısa peyvəndin lisenziyasına yenidən baxılacaq və daha geniş istifadə üçün tövsiyə olunacaq”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.

Baş infeksionist bildirib ki, bu gün peyvəndlərin yalnız indiki dövrdə təsirlərini qiymətləndirə bilirlər: “O ki qaldı yeni texnologiyalar nəticəsində, yeni platformalar əsasında hazırlanan peyvəndlərə - bunlar həm vektor peyvəndləri, həm emarial peyvəndlərdir – onların uzaq nəticələri heç kimə bəlli deyil. Peyvəndlərin uzaq nəticələri barədə fikirlər sadəcə fikirdir. Vaxt keçməlidir ki, bunlar sübutlu şəkildə təsdiqini tapsın. Ona görə də seçim yenə də hər bir kəsin özünə verilir. Ənənəvi peyvəndlərin uzaq nəticələri bəllidir”.

T. Eyvazovun sözlərinə görə, kimsə hansısa peyvəndə güvənmirsə, digər platformalardan peyvəndi seçə bilər: “Məsələn, mən 3-cü doza üçün “Pfizer”i seçmişəm. Hətta mən dördüncü dozanı da vurdurmuşam. Bu vətəndaş olaraq mənim seçimimdir. Amma mən də digərləri kimi yenə də mən müəyyən qədər risklərdən azad deyiləm”.

Baş infeksionist hansı hallarda peyvənd platformasının dəyişdirilməsinin lazım olduğuna da aydınlıq gətirib: “Əgər birinci istifadə etdiyimiz peyvənd platformasına cavab yoxdursa, bunun dəyişdirilməsini tövsiyə edirik”.

T. Eyvazov qeyd edib ki, hamı peyvəndlərin müəyyən qədər effektiv olduğunu, ölüm hallarının sayını azaltdığını deyir: “Xarici ölkələrdə isə ölkədə vurulmuş peyvəndlərin nə qədər insanın ölümümü qarşısını alması ilə bağlı epidemioloji tədqiqatlar nəticəsində riyazi hesablamalar aparılır. Azərbaycan bu gün artıq 8 milyondan çox peyvənd vurulub. Bu peyvəndlərin nə qədər insanın ölümünün qarşısını aldığını hesablaya bilərik. Bunu riyazi model kimi hesablamaq olar. Peyvənddə ağırlaşma olan kimi hamı coşur və peyvənd haqqında mənfi fikirlər səsləndirilir, amma heç kim demir ki, peyvənd olunan insanlar arasında nə qədər ölüm halının, ağırlaşmaların qarşısı alınıb. Bu barədə modelləşmə aparılmalı və ictimaiyyətə açıqlanmalıdır, insanlar peyvəndlə bağlı tərəddüd etməsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR