“Beşbarmaq dağı”nın maliyyələşdirilməsi və fəaliyyətinin təşkili qaydaları məlum olub

“Beşbarmaq dağı”nın maliyyələşdirilməsi və fəaliyyətinin təşkili qaydaları məlum olub
# 01 iyul 2021 19:59 (UTC +04:00)

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun maliyyələşdirilməsi dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.

APA-nın məlumatına görə, bu, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Əsasnaməsində ğz əksini tapıb.

Qoruğun inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər Qoruqların İdarəetmə Mərkəzi tərəfindən toplanılır. Toplanılan gəlirdən Qoruğun inkişaf etdirilməsi məqsədilə Qoruğun direktorunun təklifləri əsasında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin qərarı ilə Qoruğun ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə olunur.

Qoruğun fəaliyyətinə Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə Dövlət Turizm Agentliyinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Qoruğun baş fond mühafizi, direktor müavinləri və baş mühasibi direktorun təqdimatı ilə Dövlət Turizm Agentliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Qoruğun digər işçiləri direktor tərəfindən vəzifəyə təyin və azad edilirlər.

Direktor Qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır; Qoruğu bütün idarə, təşkilat və müəssisələrdə etibarnaməsiz təmsil edir; Qoruğun işçiləri arasında vəzifə bölgüsünü aparır, onları həvəsləndirir, intizam məsuliyyətinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir; öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir; Qoruğun illik və perspektiv iş planlarının tərtib
olunmasını təmin edir, elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruq ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tətbiq olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür; müəyyən olunmuş qaydada Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırmaqla ştat cədvəlinin təsdiq edilməsi və dəyişdirilməsi haqqında Dövlət Turizm Agentliyinə təkliflər verir.

Qoruğun mühafizəçiləri inventar kitabına əsasən onlara tapşırılmış tarix və mədəniyyət abidələrinin mühafizəsinə cavabdehdirlər; Qoruq abidələrinin toxunulmazlığının təmin edilməsi üçün müxtəlif təsvirlər və yazıların aparılmasına, razılıq olmadan Qoruğun sərhədləri daxilində abidələrdən istifadə olunmasına, ərazisində tonqal qalanmasına, müxtəlif məclislərin keçirilməsinə yol verməməli, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirməli, abidədə olan dəyişikliklər, dağıntı və söküntülər, habelə ondan qanunsuz istifadə olunması barədə rəhbərliyə və müvafiq orqanlara xəbər verməli, abidənin mühafizə zonasında müxtəlif tikinti, torpaq və kənd təsərrüfatı, icazəsiz arxeoloji qazıntı işlərinin aparılmasına, ərazidə yeraltı, yerüstü partlayış işlərinə, xüsusi icazə olmadan abidələrin ölçülməsinə və onlarda olan bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə verməməlidirlər. Qoruğun mühafizəçiləri respublikanın rayon və şəhərlərində abidələrin mühafizəsinə və istifadəsinə dair keçirilən bütün seminar və yığıncaqlarda iştirak edə, həmçinin turizm işçilərinin təkmilləşdirmə kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.

Qoruğun strukturu və işçilərinin say həddi Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilir. Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla və ya yenidən təşkil edilə bilər.

Qeyd edək ki, Baş nazir Əli Əsədov bu gün “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR