BMT Əhali Fondu: Azərbaycanda əhalinin 35 faizi cavandır

Fərid Babayev

© APA | Fərid Babayev

# 01 oktyabr 2021 12:59 (UTC +04:00)

“Azərbaycanda yaşlı əhalinin iqtisadi aktivlik indeksi ilə bağlı metodologiya hazırlanıb və hökumətə təqdim edilib”.

APA-nın məlumatına görə, bunu BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib.

Onun sözlərinə görə, aktivlik indeksi əhalinin yaşlı təbəqəsinin hansı formada və necə aktivliyini nümayiş etdirir: "Məqsəd yaşlı şəxslərin evdə oturması, nəvələri ilə vaxt keçirməsi, heç nə etməməsi kimi stereotiplərini qırmaqdır. Bizə yaşlıların aktivlik indeksi lazımdır ki, onların hansı istiqamətdə işlər görməsinin mümkünlüyünə baxaq və müqayisə edək. Məsələn, 2021- ci ildə bu indeks 5, 2025-ci ildə 7 olacaqsa, demək, inkişaf var. Gələn il Dövlət Statistika Komitəsinin bu indeksi təqdim edəcəyi gözlənir".

F. Babayev deyib ki, region ölkələri ilə müqayisədə Azərbaycan yaşlı əhali sayına görə orta səviyyədədir: "Amma regionun başqa problemi cavan təbəqənin çox olmasıdır. Azərbaycanda 10 milyon əhalinin 35 faizi cavandır. Ermənistanda isə 2,5 milyon əhalinin 20 faizi cavandır. Ümumi strukturda Azərbaycanda yaşlıların sayı azdır. Amma cavanların iqtisadi aktivliyi azdırsa, yaşlı şəxslərin sayı artacaq. Ermənistanda bunu müşahidə edirik, cavan əhali arasında iqtisadi aktivlik az və yaşlı əhali çoxdur".

F. Babayev qeyd edib ki, yaşlı əhali arasında iqtisadi aktivliyin artırılması planlaşdırılır: "Dövlət 65 yaşdan yuxarı şəxslərin pensiyaya çıxmasını müəyyən edir, onlarla bağlı müəyyən məhdudiyyətlər olur. Biz istərdik ki, həmin yaşlı şəxslər üçün hansısa imkanlar yaradılsın və onlar ekspert, konsultant kimi iqtisadiyyata dəstək versin. Beləliklə, onlar istehlakçıdan çıxıb iqtisadiyyata töhfə verəcəklər və passiv yaşlı əhalinin sayı azalacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR