BMT Əhali Fondu: "Cins nisbəti ilə bağlı çoxşaxəli proqram olmalı və icra edilməlidir"

Fərid Babayev

© APA | Fərid Babayev

# 01 oktyabr 2021 13:43 (UTC +04:00)

"1990-cı illərdən bəri Azərbaycanda cins nisbətində problemlər olub. Yeni doğulan körpələr arasında cins nisbətində böyük fərqlənmə müşahidə olunub. Lakin heç kim bunu analiz və koordinasiya etməyib".

APA-nın məlumatına görə, bunu BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib.

Onun sözlərinə görə, BMT Əhali Fondu da beynəlxalq təşkilat kimi bu işi yalnız 2005-ci ildə görüb: "Bizə Nyu-Yorkdakı Baş Qərargahdan zəng oldu ki, Dövlət Statistika Komitəsi hər il Azərbaycan üzrə rəqəmləri təqdim edir, amma heç bir analiz aparılmayıb. Hökumət strukturları özləri də etiraf etdilər ki, bununla bağlı analiz aparılmayıb. 2006-cı ildə Hacəttəpə Universitetinin professorlarının apardığı sorğunun nəticəsi göstərdi ki, Azərbaycanda cins nisbəti maksimum 106 oğlan, 100 qız olmalıdır, amma artıq 116-100 nisbətində olub. Oğlanların sayının çox olması bu cür davam etsə, bu proses hətta 2050-ci ilə qədər uzana bilər. Biz bu nəticələri ictimaiyyətə çatdırdıq. Ondan sonra Azərbaycan hökuməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə demoqrafiya inkişafı çərçivəsində proqram yaradılıb. Qızların dəyərini təbliğ etmək məqsədilə proqramın icrasına başladıq. Bu məsələni təbliğat olmadan hökumət tərəfindən hansısa qadağa ilə həll etmək mümkün deyil. Ultrasəs müayinəsi zamanı dölün cinsini söyləmək olmaz, amma həkimlər deməsə də, götürüb kağızın üstünə yazırlar. Yalnız təbliğat və hökumət səviyyəsində hansısa tədbirlər görülməli, bir də qanunvericilik aktları qəbul edilməlidir. Ötən il proqram çərçivəsində iki mühüm nailiyyət əldə olunub - hökumət tərəfindən fəaliyyət planı təsdiqlənib, eyni zamanda Milli Məclisdə bu qanunvericilik aktı qəbul edilib. İndi maliyyə məsələsi həll olunmalıdır, beynəlxalq strukturlar, BMT Əhali Fondu, UNİCEF, Ümumdünya Səhiyyə Təşkilatı ilə danışıqlar aparılır ki, maliyyə ayrılsın, həm təbliğat, həm də siyasət səviyyəsində müvafiq tədbirlər görülsün. Düşünürəm ki, bu istiqamətdə böyük nailiyyət əldə edəcəyik".

F. Babayev deyib ki, Azərbaycanda 2017-ci ildə cins nisbəti yeni doğulan körpələrə 120 oğlana 100 qız olub: "Bu il üçün rəqəm demək hələ mümkün deyil, amma 2020-ci ildə bu rəqəm 115-100-ə düşüb. Bunun təbliğat nəticəsində olduğunu düşünürəm. Azərbaycan qanunvericiliyində aborta hamiləliyin 12-ci həftəsinə qədər icazə verilir, amma ən müasir aparat da dölün cinsini 14-cü həftədən görə bilir. Ona görə də selektiv abortların hamısı kriminal, yəni icazə verilməyən abortlardır. Bu problemlə əlaqədar çoxşaxəli proqram olmalı və icra edilməlidir. Bir neçə il sonra biz yenə də hesabat verəcəyik, düşünürəm ki, göstəricilər daha yaxşı olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR