BNA ilə "Mostransproekt" arasında əməkdaşlıq üzrə memorandum imzalanıb

BNA ilə "Mostransproekt" arasında əməkdaşlıq üzrə memorandum imzalanıb
# 05 iyul 2021 17:34 (UTC +04:00)

İyulun 1-4-də Moskva şəhərində qlobal meqapolislərin inkişafı çağırışlarına həsr olunmuş beynəlxalq əhəmiyyətli Moskva Şəhər Forumu keçirilib.

Forumda 33 ölkədən olan nümayəndələr tərəfindən müxtəlif mövzularda çıxışlar edilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, Forum çərçivəsində 2 iyul tarixində İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiya (UITP) tərəfindən “Avrasiya regionunda ictimai nəqliyyatın inkişaf yolu və yeni reallığın çağırışları” mövzusunda dəyirmi masa keçirilib, pandemiyanın Avrasiya regionunda ictimai nəqliyyata təsirləri, əksepidemik tədbirlərin həyata keçirilməsi, uyğun həllərin tapılması və sərnişindaşımaların mobilliyinin təmin edilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə müzakirələr aparılıb.

Moskva İctimai Nəqliyyat üzrə Araşdırmalar və İnkişaf İnstitutunun ("Mostransproekt") direktoru Aleksandr Polyakovun moderatorluğu ilə keçən dəyirmi masada Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva pandemiyanın ictimai nəqliyyat sahəsində yaratdığı çətinliklər və imkanlar mövzusunda çıxış edib. Pandemiya zamanı tətbiq olunan məhdudlaşmalar fonunda vətəndaşların ictimai nəqliyyat tələblərinin qarşılanması üçün atılan addımlar və nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. İctimai nəqliyyatda əlçatanlığın, rahatlığın və təhlükəsizliyin təmin edilməsi istiqamətində Agentlik tərəfindən həyata keçirilən operativ tədbirlər, ekspress xətlərin və avtobus zolaqlarının təşkili haqda məlumat verilib, piyada zonaları və velosiped yollarının yaradılması, ümumilikdə şəhər mobilliyinin inkişafı istiqamətində görülən işlər və gələcək planlar iştirakçıların diqqətinə çatdırılıb. BNA tərəfindən görülən işlər ekspertlər tərəfindən təqdirəlayiq hesab edilib.

Tədbirdə UITP-nin Baş katibi Mohamed Mezqani çıxış edərək pandemiya dövründə ictimai nəqliyyatda sərnişindaşımanın effektivliyini artırmaq, yoluxmaların qarşısını almaq üçün təmassız və yeni rəqəmsal idarəetmələrin tətbiqi barədə fikirlərini bölüşüb. Eyni zamanda, piyadayönümlü şəhər mühitinin yaradılması, ekoloji təmiz nəqliyyat vasitələrinə - velosipedlərə üstünlük verilməsi, şəxsi nəqliyyat vasitələrinin sayının azaldılması və sağlam, mobil şəhərlərin yaradılması üçün çağırışlar edib.

Avropa Yenidənqurma və İnkişaf Bankı, Şəhər Nəqliyyat və Ətraf Mühit Departamentinin baş mütəxəssisi Yan Gennings şəhərlərin sosial-iqtisadi və ekoloji mühitinə təsir edən dayanıqlı, təhlükəsiz və etibarlı ictimai nəqliyyat sisteminin formalaşması üçün ölkələrə investisiyaların yatırılmasının vacibliyini qeyd edib.

Mosqortrans və Moskva metrosunun direktor müavini Yuliya Temnikova pandemiya əleyhinə görülən işlərdən, ictimai nəqliyyatda təmassız ödənişlərin tətbiqi və digər yeniliklərdən bəhs edib.

Dəyirmi masadan sonra Bakı Nəqliyyat Agentliyi və "Mostransproekt" arasında əməkdaşlıq üzrə memorandum imzalanıb. Memoranduma əsasən tərəflər intellektual nəqliyyat sistemləri, nəqliyyat infrastrukturunun dizaynı, texnologiyalar və digər məsələlərlə bağlı təcrübə mübadiləsi üzrə birgə fəaliyyətlər həyata keçirmək üçün razılığa gəliblər.

BNA 2018-ci ildən UITP-nin üzvüdür və 2019-cu ildən Avrasiya İcraiyyə Komitəsində təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR