BQXK-nin vitse-prezidenti: “İtkin düşmüş şəxslərin ailələrinə dəstək olmaq üçün Dövlət Komissiyası ilə sıx əməkdaşlıq edirik” - MÜSAHİBƏ

Qil Karbonye

© APA | Qil Karbonye

# 23 oktyabr 2021 10:09 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qil Karbonyenin APA-ya müsahibəsi

- Uzun illərdir Azərbaycanla əməkdaşlıq edirsiniz. Bu əməkdaşlığını necə qiymətləndirirsiniz? Bundan sonra daha hansı layihələri icra etmək istəyirsiniz?

- Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq ofislərini regionda 1992-ci ildə açıb. O vaxtdan bəri biz, Azərbaycanda olan fəaliyyətimizi bircə gün belə dayandırmamışıq. Davamlı səylər nəticəsində minlərlə adama dəstək göstərilib. Amma biz bu qədər işi, hökumətin ölkədəki humanitar missiyamızın həyata keçirilməsi üçün bizə göstərdiyi dəstəyə görə edə bilmişik.

2020-ci ildə baş vermiş döyüşlərdən sonra da biz diqqətimizi əsas fəaliyyətlərimizdə fokuslaşdırdıq: münaqişənin təsir etdiyi ərazilərdə yaşayan insanlara humanitar yardım, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və saxlanılan şəxslərə başçəkmələr.

Münaqişənin təsir etdiyi ərazilərdə yaşayan insanlara humanitar yardım barədə: bizim komandalar ən həssas qruplara aid olan insanlara dəstək vermək üçün hər həftə ərazilərə səfər edirlər. Bu, insanlara dayanıqlı mənfəət əldə etməkdə, münaqişə səbəbindən yaranmış psixoloji problemləri addamaqda, daha yaxşı su təminatında kömək etmək deməkdir. 2021-ci ilin ilk altı ayı ərzində biz 12000-dən artıq ailəyə nağd pul dəstəyi vermişik, keçən ilki döyüşlərin təsir etdiyi ərazilərdə yaşayan 500-dən artıq sakin mina və partlamamış sursatlarla çirklənmiş ərazilərdə təhlükəsiz davranış qaydalarını öyrəndi, yüzlərlə insan ilk yardım təlimlərində və psixoloji dəstək sessiyalarından yararlandı.

Bildiyiniz kimi, keçən ilin payızından bəri minadan zərər görən mülki şəxslərlə bağlı məlumatlar artıb. Minalar və partlamamış sursatlar insanların təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Bizim, o cür ərazilərdə təhlükəsiz davranışla bağlı məlumatları yayan və risklər barədə məlumatlılığı artıran mütəxəssislər qrupumuz var. Onlar həmçinin, icma üzvləri ilə görüşüb məlumat paylaşan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) könüllülərinə də təlim keçirlər.

İtkin düşmüş şəxslərlə bağlı fəaliyyətimizi itkin düşmüş şəxslərin ailə üzvləri və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) ilə birgə davam etdirir. Bildiyiniz kimi, bir çox adamların əzizləri müharibələrdə itkin düşür. Əzizləri itkin düşənlər çox çətin vəziyyətə qalırlar, çünki onlar ailə üzvlərinin hələ də sağ olmasına inanmaq istəyirlər. Ailələr - əsasən analar və həyat yoldaşları – yaxınlarına nə olduğunu bilməyərək naməlumluq içində yaşayırlar, Bu onlar üçün çox böyük emosional və psixoloji yükdür. Biz belə ailələrə rahatlıq gətirmək üçün əlimizdən gələni əsirgəmirik.

Bilirsiniz ki, BQXK-nın münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmək səlahiyyəti var. Belə başcəkmələr zamanı BQXK saxlanılan şəxslərlə rəftarı və onların saxlanma şəraitini qiymətləndirir və ailə əlaqələrini təmin etmək üçün şərait yaradır. Hazırda, BQXK nümayəndələri müntəzəm surətdə, Azərbaycan tərəfinin haqqında BQXK-ya məlumat verdiyi, 2020-ci ildə münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkirlər. Bu şəxslərlə təkbətək görüşlər olur və onlara Qızıl Xaç məktubları, video mesajlar və ya telefon zəngləri vasitəsilə öz ailələri ilə əlaqə yaratmaq imkanı verilir.

- Artıq arxada qalmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərin taleyi ilə bağlı Beynəlxalq Qızıl Xaç tərəfindən hansı addımlar atılır? Axtarışlar hansı bölgədə aparılır? Rəsmi Bakı bəyan edir ki, müharibə bitsə də, Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan 4 minədək azərbaycanlının taleyinə aydınlıq gətirilməsi prosesində iştirak etmək istəmir. Bununla bağlı Ermənistan tərəfi ilə hər hansı müzakirələr varmı? Komitə tərəfindən itkin düşmüş şəxslərin qohumlarından bioloji istinad nümunələri toplanılır. İndiyə qədər neçə nəfərdən nümunə götürülüb? Bu layihə çərçivəsində itkin düşmüş neçə nəfərin kimliyi müəyyənləşdirilib? Bu proses nə zaman başa çatacaq?

- İstənilən münaqişənin ən böyük humanitar nəticələrindən biri də münaqişə nəticəsində itkin düşmüşlərin taleyinin aydınlaşdırılmasıdır. Biz itkin düşmüş şəxslərin ailə üzvləri ilə birbaşa əlaqədə olduğumuzdan onların üzləşdikləri problemlərə yaxından bələdik. Elə ailələr var ki, əzizlərini dəfn etmişlərə qibtə edirlər, çünki onların üz tuta biləcəyi, ağlaya biləcəyi qəbir olur. Bu ailələrin çəkdiyi acını, onların olduğu kədərli vəziyyəti təsəvvür edirsinizmi? Bu ailələr ümidlə ümidsizlik arasında yaşayırlar. Biz belə ailələrə dəstək olmaq üçün Dövlət Komissiyası ilə gündəlik olaraq çox sıx şəkildə əməkdaşlıq edirik.

Dövlət Komissiyasının və AzQAC-ın dəstəyi ilə BQXK itkindüşmə şəraiti və identifikasiyaya kömək edə biləcək digər məlumatları ailələrdən toplayıb. Bundan sonrakı mərhələdə Dövlət Komissiyası ilə birgə biz, itkin düşmüş şəxslərin yaxınlarından bioloji nümunələr toplamağa başladıq. Bu nümunələr, toplanmış ətraflı məlumatlarla birgə, ekskumasiya oluna bilən insan qalıqlarının identifikasiyası prosesində müqayisə üçün istifadə olunacaq. Beləliklə, bəzi ailələr bir gün əzizlərinin taleyini bilə bilər. Bu bioloji nümunələrin toplanması vaxt tələb edir. Təqribən 3800 itkin azərbaycanlı var və tibbi-məhkəmə identifikasiyası mümkün olsun deyə hər itkinin 3-6 arası bioloji ailə üzvündən nümunə toplanmalıdır. Bu çox böyük işdir və Dövlət Komissiyası ilə BQXK-nın birgə fəaliyyətinin bir hissəsidir.

Biz əlimizdən gələni edirik və tərəflərlə də dialoqu davam etdiririk ki, ailələr cavab ala bilsin. Yəqin bilirsiniz ki, 2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə davamlı surətdə axtarış əməliyyatları həyata keçirilir. Biz də bu əməliyyatlarda iştirak edirik və ümid edirik ki, tərəflərin səyi nəticəsində daha çox ailə cavab alacaq.

- Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən İkinci Qarabağ müharibəsindən sonra müharibədən zərərçəkən azyaşlılara və yaxud insanlara sosial, psixoloji və digər yardımlar olunurmu?

- Bəli, 2020-ci ilin hərbi əməliyyatlarından sonra biz bir çox sahələrdə komandalarımızın imkanlarını artırdıq və belə sahələrdən biri də döyüşlərdən zərər çəkmiş ərazilərdə yaşayan insanlara psixoloji dəstəkdir. Mütəxəssislərdən ibarət komandamız psixoloji dəstək sessiyaları keçirir. 2021-ci ilin ilk altı ayı ərzində onlarla insan belə sessiyalarda iştirak edib. Bundan əlavə, biz münaqişənin təsirinə məruz qalmış icmalarda işləyən müəllimlərə də ilkin dəstək göstərmək imkanları olsun deyə, mütəxəssislərə isə bacarıqlarını təkmilləşdirmək üçün sessiya və təlimlər keçiririk.

- Suriya və Əfqanıstanda humanitar böhranla bağlı çatışmazlıqların olduğu bildirilir. Beynəlxalq Qızıl Xaçın bu ölkələrdə fəaliyyəti necədir? Yardımların çatdırılmasında problemlərlə üzləşirsinizmi?

- BQXK-nın Əfqanıstanın bütün ərazisinə əlçatanlığı var və illərlə “Taliban”ın nəzarəti altında olan ərazilərdə fəaliyyət göstərib. Bizim onlarla istər ən yüksək, istərsə də yerli rəhbərlik səviyyəsində konstruktiv işçi səviyyədə əməkdaşlığımız var. Biz onlardan fəaliyyətimizi davam etdirmək üçün vacib olan təhlükəsizlik zəmanəti almışıq.

Bilirsiniz, müharibə bədənləri və ruhları parçalayır. Əfqanıstan xalqı 40 ildir ki, münaqişələr yaşayır. Bu qədər insanın qida və digər humanitar yardıma möhtac olmasının səbəblərindən biri olan iqtisadiyyat da daxil olmaqla bir millətin nə qədər dərin zərər gördüyünü ifadə etməyə başlaya bilmərik.

Bunun xalqa necə ziyan vurduğunu sözlə ifadə etmək çox çətindir. İqtisadiyyata dəyən ziyan bu qədər insanın yemək və humanitar yardıma ehtiyacının olmasının səbəbidir

BQXK 30 ildən çoxdur Əfqanıstanda fəaliyyət göstərir. Bircə şey aydındır: bizə ən çox ehtiyac olanda biz dayanmayacağıq. Biz partnyorumuz Əfqan Qızıl Ayparası ilə birlikdə ölkə daxilində fəaliyyətimizi davam etdiririk və beynəlxalq heyətimizin mövcudluğunu azaltmaq planımız yoxdur.

Çətinlik gördüyümüz humanitar ehtiyacların miqyasındadır. Əhalinin təxminən yarısı (18,4 milyon) artıq humanitar müdafiə və yardıma möhtac idi və hesablamalarımıza görə, Əfqanıstan əhalisinin 30 faizi ciddi qida təhlükəsizliyi ilə üzləşir. Həmçinin, davam edən COVID-19 pandemiyası ilə yanaşı, münaqişənin fəsadlarının öhdəsindən gəlmək üçün mübarizə Əfqanıstanın səhiyyə sistemini tarıma çəkib. Bu səbəbdən də Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin əsasən ucqarda yerləşən 46 səhiyyə müəssisəsinə dəstək veririk. Qəndəhardakı Mirvais xəstəxanasına da əhəmiyyətli dəstək veririk. Yalnız bir ayda - sentyabr ayında bu müəssisədə 68.000 dən çox həkim konsultasiyası keçirilmişdir.

Qışın başlaması ilə biz, döyüşlərdən qaçan və indi öz dolanışıqlarını bərpa etmək üçün geri qayıdan insanlara dəstəyi səfərbər edirik. Məsələn, fermerlər əlavə xərclərin öhdəsindən gəlmək üçün nağd pul yardımı alacaqlar. Biz həmçinin mərkəzi Əfqanıstanda həssas durumda olan ailələrə, o cümlədən ev təsərrüfatlarına başçılıq edən qadınlara birbaşa dəstəyi genişləndirəcəyik.

İndi isə Suriya barədə: on illik dağıdıcı münaqişə nəinki ölkə boyu ailələrin həyatında ölçüyəgəlməz ağrı, itki və qarışıqlıq yaratdı, həm də qonşu ölkələrdə yaşayan insanların həyatlarına da dalğavarı təsir göstərdi.

Bu qədər uzun sürən bir qarşıdurma, zorakılıq sona çatsa belə, suriyalıların uzunmüddətli ehtiyaclarının çox böyük olması deməkdir. Milyonların təkcə həyatlarını, ailələrini və evlərini deyil, həmçinin, məktəbləri, su və enerji sistemlərini, səhiyyə müəssisələrini oyun meydançalarını da yenidən qurmaq üçün dəstəyə ehtiyacı olacaq. Bizim təqribi hesablarımıza görə, indiki təxminən 18 milyonluq əhalinin təxminən 13.4 milyonunun hələ də humanitar yardıma ehtiyacı var.

Partnyorumuz Suriya Ərəb Qızıl Ayparası ilə birlikdə biz yeni köçkünlər kimi fövqəladə hallara cavab verməkdə davam edəcəyik. Ən vacib ehtiyaclara cavab verən həyati xidmətlər göstərmək, vacib su infrastrukturlarında təcili təmir işləri aparmaq, ən həssas qrupa aid olan insanlara yemək və gündəlik isti yemək paylamaq, icmalarda və düşərgələrdə səhiyyə xidmətlərini dəstəkləmək üçün bütün Suriyada çalışmağa davam edəcəyik.

- Digər ölkələrdə baş verən dini konfessiyalararası savaşda döyüşən azərbaycanlıların taleyi ilə bağlı ailələri tərəfindən sizə müraciət olunurmu? Beynəlxalq Qızıl Xaçın xətti ilə belə azərbaycanlılardan taleyinə aydınlıq gətirilən olubmu?

- BQXK-nın Azərbaycandakı nümayəndəliyinə Suriyada və İraqda olan yaxınlarını axtaran ailə üzvləri müraciət edib. Ailə üzvləri o ölkələrdə olan Azərbaycan vətəndaşları barədə ətraflı məlumat təqdim etdikdə BQXK-nın Bakı ofisi onlar arasında əlaqə yaratmaq üçün prosesə başlaya bilər.

Mən onu da qeyd etmək istərdim ki, Azərbaycan hökuməti öz vətəndaşlarını repatriasiya etmək və onları cəmiyyətə reinteqrasiya etmək yönündə əhəmiyyətli səylər göstərir və biz bu sahədə fəaliyyət göstərən dövlət qurumlarına dəstəyi davam etdirməyə hazırıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR