Bu gün 18 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 02 iyun 2021 15:26 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

DİM-dən APA-ya bildirilib ki, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.
İmtahanlar 12 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 87 imtahan binası, 1446 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 87 ümumi imtahan rəhbəri, 236 imtahan rəhbəri, 1757 nəzarətçi-müəllim, 174 buraxılışı rejimi əməkdaşı (mühafizə), 87 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 18609 şagirdin iştirakı gözlənilirdi.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

06:00

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Bu gün imtahanlar Şəki və Lənkəran şəhərlərində, Gəncə şəhərinin Kəpəz rayonunda, Abşeron (1-ci hissə), Ağsu, Ağdaş, Bərdə, Qazax, Qusar, Saatlı, Siyəzən və Xızı rayonlarında keçiriləcək. İmtahanda 18609 şagirdin iştirak edəcəyi gözlənilir.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Xatırladaq ki, iyunun 2-3-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 185 imtahan binası, 3051 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 185 ümumi imtahan rəhbəri, 503 imtahan rəhbəri, 3702 nəzarətçi-müəllim, 370 buraxılışı rejimi əməkdaşı (mühafizə), 185 bina nümayəndəsi ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR