Bu gün əlavə buraxılış imtahanı keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 09 sentyabr 2021 14:36 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirib.

Mərkəzdən APA-ya verilən xəbərə görə, bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunub.

İmtahanların idarə olunması üçün 22 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 166 nəzarətçi-müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

Bu gündən etibarən DİM-də imtahan protokolları, cavab vərəqləri və kartlarının emalı aparılacaq. 9-cu sinif təhsil səviyyəsi üzrə buraxılış imtahanı və Azərbaycan dili imtahanının nəticələri yaxın 2 gün ərzində, 11-ci sinif təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinin isə açıq tipli tapşırıqların yoxlanılmasına görə yaxın 5 gün ərzində elan olunması nəzərdə tutulur.

***

07:00

Bu gün Dövlət İmtahan Mərkəzi 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər, həmçinin bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün əlavə imtahan keçirilir.

APA-nın məlumatına görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanacaq.

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 1057, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 382 şagirdin iştirakı nəzərdə tutulur. 107 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR