Bu gün rezidenturaya qəbul imtahanının I mərhələsi keçirilib - YENİLƏNİB

Bu gün rezidenturaya qəbul imtahanının I mərhələsi keçirilib - YENİLƏNİB
# 04 avqust 2021 13:51 (UTC +04:00)

Avqustun 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi və hərbi liseylərə qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 13 imtahan binası, 208 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 13 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 269 nəzarətçi–müəllim, 26 buraxılış rejimi əməkdaşı cəlb olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.

Bu gündən etibarən DİM-də hər iki imtahan materiallarının emalına başlanılacaq. Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələrinin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur.

Hərbi liseylərə qəbul imtahanında isə yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

06:00

Avqustun 4-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (ikinci cəhd; baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçiriləcək.

DİM-dən APA-ya verilən məlumata görə, Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq imtahanlar saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdində iştirak etmək üçün 966 namizəd qeydiyyatdan keçib.

İştirakçılar DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- imtahana buraxılış vərəqəsi;

- “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (DİM-in saytından imtahana buraxılış vərəqəsi ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə ediləcək. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR