Bu il icbari tibbi sığorta çərçivəsində 97 nəfər koxlear implantasiya əməliyyatı olunub

Bu il icbari tibbi sığorta çərçivəsində 97 nəfər koxlear implantasiya əməliyyatı olunub
# 29 sentyabr 2021 14:53 (UTC +04:00)

2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə 97 nəfər icbari tibbi sığorta çərçivəsində koxlear implantasiya əməliyyatı olunub. Əməliyyat olunanların 91-ini uşaqlar, 6-sını isə böyüklər təşkil edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, koxlear implantasiya əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. Xidmətlər Zərfinə əsasən təqvim ili ərzində icbari tibbi sığorta çərçivəsində təminat verilən koxlear implantasiya əməliyyatının sayı 300 müəyyən edilib. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi (daxili cihaz), nitq prosessoru (üst cihaz) və eyni zamanda əməliyyatdan sonrakı 12 ay ərzində ən azı 3 dəfə cihazda səsin tənzimlənməsinin həyata keçirilməsi, habelə sığortaolunanın əməliyyat sonrası reabilitasiya dövrü zamanı ətraf mühitə adaptasiya və inteqrasiyası üçün 36 seans loqoped və 36 seans psixoloq xidməti vətəndaşlara ödənişsiz göstərilir. Loqoped xidmətinə uşaqların eşitmə qavrayışı, nitqi, kommunikativ ünsiyyət qurma bacarığının inkişaf etdirilməsi, səs-tələffüz, oxu və yazı kimi pozulmaların aradan qaldırılması istiqamətində təlimlərin həyata keçirilməsi aiddir. Psixoloq xidmətinə isə öz növbəsində uşağın mövcud olduğu mühiti, problemin kökünü araşdıraraq, azyaşlının təfəkkürünün və qavramasının inkişafı, davranış pozğunluğunun aradan qaldırılması üzrə fəaliyyət istiqamətləri aiddir.
Dövlət tibb müəssisələrində icrası mümkün olmayan, xüsusi tibbi təchizat və təminat tələb edən koxlear implantasiya əməliyyatı Agentliyin müqavilə bağladığı tibb müəssisələrində icra olunur. Əməliyyat tibbi göstərişlərə əsasən həyat və sağlamlığı üçün təhlükəlilik dərəcəsi ən yüksək olan pasiyentin həyat və sağlamlığı üçün təhlükəlilik səviyyəsi ən aşağı olan pasiyentlə növbələşmə prinsipinə əsasən göstərilir.
Nazirlər Kabinetinin Qərarına əsasən sığortaolunanlara koxlear implantasiya əməliyyatının göstərildiyi əsas şərtlər bunlardır:
• Bu təminat anadangəlmə və ya sonradan yaranmış sensonevral eşitmə azlığı olan sığortaolunanlara şamil edilir;
• Anadangəlmə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanın yaş həddi 5 (beş) yaş, sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortapolunanların yaş həddi 40 (qırx) yaş kimi müəyyən edilir.
Qeyd edək ki, koxlear implantasiya əməliyyatı və sonrakı reabilitasiya dövrü əməliyyat olunmuş şəxslərin cəmiyyətdə öz yerini tutmasına köməklik göstərir, eşitmə qabiliyyətinin tam bərpasını təmin edərək onları ömürlük əlillikdən xilas edir. Daxili cihazın yerləşdirilməsindən 1 ay sonra əməliyyat olunmuş hissənin sağalmasının gözlənilməsi şərtilə üst cihaz yerləşdirilərək eşitmə qabiliyyətinin bərpası mümkündür.
Məlumat üçün bildirək ki, eşitmə itkisinə başlıca səbəb olaraq genetik faktorlar, yəni qohum evlilikləri, qulaq iltihabları, ana bətnində və ya doğuş zamanı yaranan infeksiyalar səbəbindən yaranan fəsadlar göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR