Cəmiyyət sədri: "Diabetli insanlar arasında ölüm sayının azalması üçün keyfiyyətli insulin təminatı olmalıdır"

Cəmiyyət sədri: "Diabetli insanlar arasında ölüm sayının azalması üçün keyfiyyətli insulin təminatı olmalıdır"
# 24 noyabr 2021 16:23 (UTC +04:00)

“Hazırda dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir. Bu, 2019-cu illə müqayisədə 74 milyon və ya 16 faiz artım deməkdir. Ekspertlər bu artım rəqəmini daha əvvəl 2030-cu ilə qədər gözləyirdi”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova bildirib.

O deyib ki, əvvəllər dünyada hər 11 adamdan biri şəkərli diabet xəstəsi idi, hazırda isə hər 10 adamdan biri bundan əziyyət çəkir: “Azərbaycanda hazırda 283 min şəkərli diabet xəstəsi var. Ancaq bu, rəsmi qeydiyyatda olan xəstələrin sayıdır. Təxminən bunun yarısı qədər insan isə diabet xəstəsi olduğunu bilmir. Azərbaycanda diabet xəstəliyindən əziyyət çəkən uşaqların sayı isə 1700-ə yaxındır. Hələ də heç kim bilmir ki, uşaqlarda niyə anidən diabet yaranır. Avropada da diabetli uşaqların sayı çoxdur. Bəzən ani qorxudan, stresdən üzə çıxa bilir, xüsusilə də uşaqlarda...

14 noyabr Ümumdünya diabetlə mübarizə günüdür. Bu il Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyası qlobal diabetlə mübarizə məqsədilə məruzə ilə çıxış edərək bütün dünyaya müraciət edib ki, diabetli xəstələr keyfiyyətli dərmanla təmin olunmalıdır. Bu, diabetlə əlaqədar ölümlər və fəsadların qarşısını almaq üçün çox vacibdir. Pandemiya ilə əlaqədar xəstəxanaya düşənlərin də ən çoxu diabetdən əziyyət çəkənlər idi. Təəssüf ki, bəzi insanlarda artıq hər hansı fəsad yarananda diabet olduğu aşkarlanır. Vaxtında aşkarlansa, bu fəsadların qarşısını almaq mümkün ola bilər”.

Cəmiyyət sədri qeyd edib ki, keyfiyyətli insulin və dərmanlarla diabet xəstələrinin həyat keyfiyyətini artırmaq mümkündür: “Birinci Vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Çünki onun sayəsində Heydər Əliyev Fondu tərəfindən “Diabetli uşaqlara ən yaxşı qayğı” adlı layihə həyata keçirilib və diabetdən əziyyət çəkən uşaqlar keyfiyyətli insulinlə təmin ediliblər. Mehriban xanım bilir ki, uşaqların keyfiyyətli insulinlə təmin olunması necə vacibdir. Ancaq ümumilikdə ölkə üzrə bu xəstəlikdən əziyyət çəkən vətəndaşlardan dərman təminatları ilə bağlı bir çox şikayətlər gəlir. Bu məsələni sistemə salmaq, düzgün dərman təminatı olduqca vacibdir. İki cür insulin var - qısa müddətli və uzun müddətli. Bəzi bölgələrdən şikayətlər olur ki, insulinin yalnız birini seçməyə imkan yaradılır. Ən böyük problem keyfiyyətli insulinlərin keyfiyyətsiz insulinlərlə əvəz olunmasıdır. Diabetli insanların həyat keyfiyyətinin artması, fəsadların, ölümlərin sayının azalması üçün keyfiyyətli insulinlə təmin olunmalıdır. Dövlət hər zaman bu məsələyə diqqət edir, lakin bəzən kimlərsə səhlənkarlığa yol verir”.

Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinikasının Şəkərli diabet şöbəsinin müdiri Sevil Mustafayeva bildirib ki, indi bütün dünya şəkərli diabetin yaranmasının qarşısını almaq üçün çalışır: “Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 2019-cu ilin noyabrından şəkərli diabet tip 1 uşaqlara ən bahalı, ən keyfiyyətli insulin hədiyyə edilib. Biz, böyük bir həkim komandası ilə 2020-ci ilin yanvarından başlayaraq rayonlara, kəndlərə gedərək bir-bir ailələrlə görüşərək şəkərli diabetdən əziyyət çəkən uşaqlara ən keyfiyyətli insulin paylamışıq. Ümumilikdə bir il ərzində Azərbaycanda 1600-ə qədər uşaq bu insulindən yararlana bilib. Həkim komandamız hər bir ailə ilə görüşüb və təlimatlar verib, çünki bu, sağalmayan, xroniki xəstəlikdir. Təlimat çox vacibdir, çünki bu xəstəlikdən əziyyət çəkən uşaqların qandakı qlükoza miqdarı ölçülməli, insulini vurulmalı, uşaq daha sonra yemək yeməlidir. Bu isə çox çətin prosesdir. İnsulinsiz yemək bu uşaqları komaya sala bilər, normadan artıq insulin olsa, bu da qanda qlükoza səviyyəsini təhlükəli endirə bilər. Hətta 1, 2 yaşında diabetli uşaqlar var. Bu insulin uşaqlar üçün həyati əhəmiyyətlidir. Layihə bir il ərzində davamlı oldu. Ancaq Səhiyyə Nazirliyi bu layihəni davam etdirərək yenə də uşaqları keyfiyyətli insulinlərlə təmin edir. Ancaq insulin o demək deyil ki, bunu vurub, nə istəsən yeyə bilərsən. İnsulin miqdarı qəbul edilən karbohidrat və qanda şəkərdən asılı olaraq verilməlidir. Şəkərli diabetli uşaqların hər rayon üzrə reyestrinin hazırlamışıq. Mehriban Əliyeva bu məsələyə çox həssaslıqla yanaşıb, uşaqların ən keyfiyyətli insulinlə təminatı artıq Dövlət Proqramına salınıb. Ən yeni uzunmüddətli insulin “Novonordisk” farmakolojı şirkətinin “Tresiba” insulinidir, təsir müddət 40-48-dır”.

S.Mustafayeva deyib ki, şəkərli diabet tip 1 autoimun xəstəlikdir. Onun yaranmasının qarşısını almaq mümkün deyil: “Bu xəstəlik ilə fəsadsız uzun ömür yaşamaq mümkündür. Ona görə də valideynlər düzgün idarəetməyə fikir verməlidir. Şəkərli diabet xəstəsi olan uşağın qanda qlükozası şəkərli diabet olmayan uşaqlardakı kimi olmalıdır. Valideyn həmin idarəetməni həm də övladına öyrətməlidir, çünki məktəbdə və ya başqa yerdə hər an onun yanında olmaya bilər”.

Şöbə müdiri ümumilikdə ölkə ərazisində bu xəstəliyin düzgün idarə olunması üçün hər bir şəxsin keyfiyyətli preparatlarla təmin olunmasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR