Çimərliklərin monitorinqinin yekun nəticələri 10 günə açıqlanacaq

Çimərliklərin monitorinqinin yekun nəticələri 10 günə açıqlanacaq
# 01 iyun 2021 16:15 (UTC +04:00)

“Biz nəinki çimərlik mövsümündə, ilboyu Xəzər dənizinin sahil zolağından başlayaraq monitorinqlər həyata keçiririk”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda deyib.

O bildirib ki, çimərlik mövsümü ilə bağlı monitorinqləri may ayından başlayıb: “Monitorinqlərdə məqsədimiz Xəzər dənizinin Bakı, Abşeron, Sumqayıt ərazisindəki çimərliklərdə dəniz suyunun keyfiyyətinin müəyyən olunmasıdır. Monitorinqlərin intervalı mövsümlə əlaqədar hər iki həftədən və ya 15 gündən bir keçirilir. İlkin olaraq hansı çimərliklərin yararlı olduğunu bilirik, amma monitorinqlər yekunlaşmadığı üçün hamısını açıqlaya bilməyəcəyik”.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə deyib ki, insanlar arasında yoluxucu, kəskin mədə-bağırsaq xəstəliklərinin baş verməməsi məqsədilə dəniz suyunun laborator müayinələrini həyata keçirilir: “İlk növbədə dəniz suyunun fiziki, kimyəvi göstəricilərini, bakteroloji, toksikoloji və radioloji göstəricilərini araşdırırıq. Sahilyanı zolaqlarda qum örtüyünün laborator müayinələrini aparırıq. Bu tədqiqatlar mayın 25-dən başlayıb və indi də davam etdirilir. Yaxın 5-10 gündə bütün tədqiqatların yekun nəticələri barədə məlumat verəcəyik”.

O qeyd edib ki, 2021-ci ilə qədər verilən qərara əsasən, Qaradağda Sahil, Səbaildə Şıx çimərliyi, Suraxanıda Hövsan, Xəzər rayonunda Türkan çimərlikləri daim çirklənməyə məruz qaldığına görə vətəndaşların çimməyi müvəqqəti qadağan olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR