Daşkəsəndə Anım Günü qeyd olunub

Daşkəsəndə Anım Günü qeyd olunub

© APA | Daşkəsəndə Anım Günü qeyd olunub

# 27 sentyabr 2021 16:46 (UTC +04:00)

Daşkəsəndə 27 sentyabr - Anım Günü qeyd olunub. Rayon sakinləri, ictimaiyyət nümayəndələri Daşkəsən rayon Şəhidlər xiyabanını ziyarət edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub. İH başçısı ümumrayon tədbirində çıxış edərək bildirib ki, cəmi 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu ordunu darmadağın edərək, böyük tarixi qələbəyə nail oldu. Vətən Müharibəsində Daşkəsən rayonundan da yüzlərlə gənc könüllü olaraq ordu sıralarına qoşulub, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq dastanı yazıblar. Onlardan 32 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalıb.

Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri və sakinlər şəhid məzarlarına güllər düzüblər.

Şəhidlər xiyabanı ərazisində şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib.

Daha sonra Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsi şəhidi Ələsgərov Pərviz Lətif oğlunun doğum gününü yad etmək üçün Mədənçilər qəsəbəsində şəhidin valideynlərinin yaşadığı evdə olublar. Şəhid atası Lətif Ələsgərov, anası Aybəniz Ələsgərova ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə minnətdarlıqlarını bildiriblər.

Anım Günündə Xoşbulaq kənd qəbiristanlığında Vətən Müharibəsi şəhidi Bağırov Eşqin Rafiq oğlunun məzarı da ziyarət edilib, ailə üzvləri ilə görüş keçirilib.

Rayon rəhbərliyi Qazaxyolçular kəndində Vətən Müharibəsi şəhidi Cabbarov Muraz İlham oğlunun xatirəsinə inşa olunan bulağın tikinti işləri ilə maraqlanıb.

Anım Günündə rayon İcra hakimiyyətinin məsul əməkdaşları Gəncə şəhər Şəhidlər xiyabanda daşkəsənli şəhidlərin məzarlarını da ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR