Deputat: “Aqrar sahədə problemlər var, kəndli meyvə-tərəvəzini sata bilmir”

Tahir Kərimli

© APA | Tahir Kərimli

# 29 oktyabr 2021 12:30 (UTC +04:00)

“Bu gün kəndlinin əlində hədsiz dərəcədə meyvə, tərəvəz qalıb, sata bilmir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, yerli istehsalçıların problemi həll olunmalıdır: “Aqrar sahədə problemlər var. Əgər inzibati ərazi bölgüsü varsa, niyə tədarük kontorları “Sədərək” Ticarət Mərkəzi yaradılıb? Bütün rayonlarda tədarük kontorlarını tikməliyik. Bu, yerli istehsalın təşviqi üçün çox vacibdir. Bəzi məhsullar xaricdən idxal edildiyinə görə yerli camaat malını sata bilmir. İkinci, biz müharibədən keçmişik. 1991-ci ildə də müharibə vəziyyətində idik. O zaman ərzaq sapalağı sistemi tətbiq edildi. Təklif edirəm ki, ərzaq sapalağına bənzər bir sistem yaradılsın. Üçüncü, kəndlini texnika ilə təmin etməliyik. Onlara kombayn, traktora yanacaq verək. Kəndlinin vəziyyətini düşünməliyik. İqtisadiyyat Nazirliyi, islahat keçirənlər keçmişdə kəndlinin mənafeyinə xidmət edən islahatları yenidən gözdən keçirsin”.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli isə qeyd edib ki, bolşeviklər Rusiyada hakimiyyətə gələndə ərzaq sapalağı adı ilə kəndlinin əlində nə varsa, aldılar: “Daha sonra kəndlilər üsyan etdi. Ərzaq sapalağı çox təhlükəli anlayışdır. Bundan sonra ərzaq vergisi tətbiq edildi. Bu anlayışları qarışdırmaq olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR