DİM: İmtahan nəzarətçilərinin fəaliyyəti şikayət məktublarına əsasən araşdırılıb

DİM: İmtahan nəzarətçilərinin fəaliyyəti şikayət məktublarına əsasən araşdırılıb
# 23 iyun 2021 15:19 (UTC +04:00)

Hər il qəbul imtahanlarının idarə olunmasına elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin yüzlərlə nümayəndəsi, imtahanların gedişinə nəzarət işinə isə minlərlə məktəb müəllimi cəlb olunur. Dövlət İmtahan Mərkəzi imtahanların düzgün və obyektiv idarə olunmasına,zallarda nəzarət prosesinin təlimata uyğun həyata keçirilməsinə böyük diqqət yetirir və bu sahədəki fəaliyyətini mütəmadi olaraq təkmilləşdirir. 

APA-nın xəbərinə görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Təsdiq edilmiş iş qrafikinə uyğun olaraq respublikanın bütün rayonları üzrə ümumtəhsil müəssisələrində nəzarətçi bazasına əlavə edilmiş yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlərə yanvar və fevral aylarında seminarməşğələlər keçirilib, nəzarətçi-müəllimlər imtahan qaydaları ilə təlimatlandırılıb. Nəzarətçilərdə imtahan prosesi barədə daha aydın təsəvvür yaratmaq üçün seminarlarda videomateriallardan istifadə olunub, onlara DİM tərəfindən hazırlanmış “Nəzarətçilər üçün təlimat” kitabçası təqdim edilib. Seminar-məşğələlər eyni vaxtda respublikanın digər bölgələrində də keçirilib. İmtahanın texnologiyasını dərindən mənimsəmələri üçün nəzarətçilər mütəmadi olaraq keçirilən sınaq imtahanlarına cəlb edilib. 

Sınaq imtahanlarına nəzarət edən müəllimlərin ümumi sayı 946 nəfər olub ki, bunların da 42 nəfəri imtahana ilk dəfə cəlb edilib. Eyni zamanda, nəzarətçi-müəllimlər cəlb olunduqları imtahandan öncə müvafiq təlimlərdə iştirak edərək məhz həmin imtahan barədə ətraflı məlumatlar alıblar. 2020-ci il ali təhsil müəssisələrinə I–IV qruplar üzrə qəbul imtahanlarına bütövlükdə 7269 nəfər, o cümlədən Bakı şəhərinin rayonlarından 2371 (Yasamal rayonu – 169, Binəqədi rayonu – 293, Səbail rayonu – 126, Xətai rayonu – 380, Xəzər rayonu – 146, Nərimanov rayonu – 182, Suraxanı rayonu – 230, Sabunçu rayonu – 360, Nəsimi rayonu – 166, Qaradağ rayonu – 89, Nizami rayonu – 230), Sumqayıt şəhərindən 323, Abşeron rayonundan 229, Naxçıvan MR-dan 297, Gəncə şəhərindən 476, Şəki şəhərindən 307, Mingəçevir şəhərindən 250, Lənkəran şəhərindən 240, Şuşa rayonundan 4, Qubadlı rayonundan 24, Laçın rayonundan 4, Zəngilan rayonundan 13, Şirvan şəhərindən 131, Sabirabad – 204, Göyçay rayonundan 172, Bərdə rayonundan – 257, Xaçmaz rayonundan 205, Şəmkir rayonundan - 172, Qazax rayonundan – 123, Ağstafa – 110, Şamaxı rayonundan – 88, Zaqatala rayonundan – 160, Ağcabədi rayonundan – 178, Kürdəmir rayonundan – 143, Salyan rayonundan – 204, Cəlilabad rayonundan – 127, Masallı rayonundan – 154, Quba rayonundan – 189, Milli Elmlər Akademiyasından 114 nəfər nəzarətçi kimi cəlb olunub. Bunlardan 1203 nəfəri zal nəzarətçisi sertifikatı almış nəzarətçilərdir.

İmtahanda iştirak edən nəzarətçilərin fəaliyyəti imtahan rəhbərlərinin məlumatlarına və DİM-ə daxil olan şikayət məktublarına əsasən araşdırılıb. İmtahanı aşağı səviyyədə keçirən, köçürmə hallarına yol verən, təlimati qaydaları pozan nəzarətçilər bazadan çıxarılıb və onların siyahıları inzibati tədbirlər görülmək üçün Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və müvafiq təhsil şöbələrinə göndərilib. 

Nəzarətçilərin böyük əksəriyyəti təlimati qaydalara əməl edib və bu dövlət əhəmiyyətli tədbirin həyata keçirilməsində üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetiriblər. Ümumilikdə ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün 315 imtahan mərkəzindən istifadə olunub. İmtahan təhlükəsizliyinin təmin olunması məqsədilə binalara buraxılış rejimini təşkil etmək üçün DİN, Təhsil və Gənclər və İdman Nazirliklərinin xətti ilə 630 nəfər əməkdaş cəlb edilib.

Ötən il yaranmış pandemiya şəraiti və xüsusi karantin rejimi nəzərə alınaraq qəbul imtahanlarının I mərhələsi ötən il olduğu kimi bir gündə deyil, imtahan mərkəzlərinin sayı artırılmaqla 3, 10, 23, 24, 29 və 30 iyul 2020-ci il tarixlərində keçirilib. Ötən ilin məzunları üçün I mərhələnin nəticəsi kimi buraxılış imtahanının nəticəsi əsas götürülüb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR