DİM: İyulun 14-15-də 12 abituriyentin mobil telefonu imtahan binasına gətirmə cəhdi olub

DİM: İyulun 14-15-də 12 abituriyentin mobil telefonu imtahan binasına gətirmə cəhdi olub
# 15 iyul 2021 16:22 (UTC +04:00)

“İyulun 14-15-də III və II qrup imtahanları Bakı da daxil olmaqla 23 şəhər va rayonda 168 imtahan mərkəzində keçirilib. 37792 abituriyentin iştirakı gözlənilirdi. Eyni zamanda, bu imtahanlarda sağlamlıq imkanları məhdud olan abituriyentlər də var idi. İmtahanlar zamanı COVID-19 metodiki göstərişlərə riayət edilir”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin sektor müdiri Adıgözəl Həbibov bildirib.

O, imtahanda qeydə alınan problemləri də açıqlayıb: “İmtahandan əvvəl buraxılış zamanı əsas problemlər abituriyentlərin sənədlərində çatışmazlıq və uyğunsuzluq olur. Sənədlər uyğun olmayanda abituriyentin imtahanda iştirakını təşkil edə bilmirik. Eyni zamanda imtahana gecikmə olur, müxtəlif binalara müxtəlif daxil olma vaxtları olduğundan bəzi hallarda imtahan prosesinin gecikməsinə səbəb ola bilir. İmtahan zamanı qadağan edilmiş əşyalar gətirilir - əyani vəsait, mobil telefon. Davranış qaydalarını gözləməmək, sual kitabçalarının bir-birinə ötürülməsi və s. hallar olur. İki gün ərzində 12 abituriyentin mobil telefonu imtahan binasına gətirmə cəhdləri olub. Onlardan 5-i Gəncə, 4-ü Bakı, hərəsində bir nəfər olmaqla Sabirabad, Naxçıvan və Mingəçevirdəndir. Ancaq bunun qarşısı alınıb və onların imtahan nəticəsi ləğv edilib. Üçüncü məsələ, abituriyentin səhhəti ilə bağlı məsələdir. Bütün binalarda tibbi xidmət var, həkimin qərarına əsasən səhhətində problem yaranan abituriyent imtahana buraxılır. Eyni zamanda, digər bir problem fiziki məhdudiyyətli abituriyentin bu barədə vaxtında məlumat verməməyi zamanı olur. Abituriyent vaxtında müraciət etmədiyi üçün onun fiziki məhdudiyyətinə uyğun şərait yaradıla bilmir. Ona görə abituriyentlər əvvəlcədən elektron və ya yazılı müraciət etməlidirlər. Eyni zamanda, sual kitabçası yalnız imtahan bitəndə aparıla bilər, tez çıxanda bəzən imtahanın cavab vərəqəsini də aparırlar. Bu zaman həmin cavablar etibarsız sayılır və nəticələr də olmur. İki gün ərzində üç belə hal aşkarlanıb. Ona görə “Yaddaş kitabçası”nı diqqətlə oxumaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR