DİM: Plan yerlərində 2013-2020-ci illərdə həyata keçirilən dəyişiklik arzuolunmaz haldır

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 23 iyun 2021 14:51 (UTC +04:00)

2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinə 48834 plan yeri ayrılıb. Qəbul planı 2019-cu illə müqayisədə 1.81 faiz artırılıb.

APA-nın xəbərinə görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib. Qeyd olunub ki, bunlardan 315 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər (103 yer ADA Universitetinə SAT balına əsasən qəbul olunanlar) tərəfindən tutulub, 10 yer isə yalnız subbakalavrların Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbulu üçün ayrılmışdı. Qalan yerlərdən 33939-u Azərbaycan bölməsi, 3214-ü rus bölməsi, 11366-sı isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulmuşdu. Ümumilikdə qəbul planındakı 41092 yer dövlət, 7742 yer isə özəl ali təhsil müəssisələrinin payına düşürdü.

Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün 21475 yer nəzərdə tutulmuşdu. Bunlardan 105 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulub. Müsabiqədənkənar qəbulu nəzərə almasaq, ötən illə müqayisədə bu il dövlət ali təhsil müəssisələrinin qəbul planında 1.30% (524 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 3.06% (230 yer), ümumilikdə isə 754 yer (1.58%) artım müşahidə edilib. Müsabiqədənkənar qəbul ötən illə müqayisədə 114 yer, bu yerlərlə birlikdə ümumi qəbul planı isə 1.81% (868 yer) artıb.

Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2020-ci ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 11.53% artıb. Bununla belə qeyd etmək lazımdır ki, ötən ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 23.27%-ni təşkil edib. Bu göstərici 2019-cu ildə 21.25%, 2018-ci ildə 21.44%, 2017-ci ildə 14.80%, 2016-cı ildə 18.73%, 2015-ci ildə 13.95%, 2014-cü ildə 13.87% olduğu halda, 2013-cü ildə 56.18% olub. 2013-cü illə müqayisədə yeddi ildə (2013-2020) həyata keçirilən bu cür dəyişiklik arzuolunmaz haldır. Çünki bəzən Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tam fərqli keçid balları yaranır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur.

Ötən il ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 91.64%-i Azərbaycan, 8.36%-i isə rus bölməsinin abituriyentləri olub. Qeyd edək ki, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 69.95, maksimum 93.38%-ni, rus bölməsinin abituriyentləri isə minimum 6.62, maksimum 30.05%-ni tuta bilərdilər. Göründüyü kimi, minimum və maksimum imkanlar arasında fərq kiçikdir. Bu isə Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarında süni maneələr yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR