Dövlət Komitəsi: Uşaq hüquqlarının effektiv qorunması əsas vəzifələrdən biridir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova

© APA | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova

# 01 iyun 2021 12:14 (UTC +04:00)

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Mənim səsim-mənim hüquqlarım" adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova günün əhəmiyyətindən, uşaqların hüquqlarından danışıb. O bildirib ki, bu günə böyüklər maraqla hazırlaşırlar: "Bu sahədə müəyyən problemlər mövcuddur. Uşaqların hüquqları, hüquqların əlçatanlığının effektiv qorunması bizim əsas vəzifələrdən biridir. Üzərimizə götürdüyümüz hədəfləri layiqincə yerinə yetirməliyik. Onlar yaxşı qidalanmalı, sağlam mühitdə böyüməlidir”.

Onun sözlərinə görə, Azərbaycan uşaq hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulub: "Azərbaycanda uşaq hüquqları ilə bağlı qanun qəbul olunub və bu illər ərzində qanuna dəyişikliklər edilib. Uşaqların azadlıqları, hüquqları dəqiqdir. Onlar şəxsiyyət kimi formalaşmalıdır. Uşaqların qarşısında vəzifələri də var. İlk növbədə davranış mədəniyyətinə malik olmalı, dövlət rəmzlərini tanımalıdırlar. Həmçinin digərlərinin hüquq və mənafelərinə hörmətlə yanaşmalıdırlar".

B. Muradova qeyd edib ki, müharibədən zərər çəkən, təbii fəlakətə düçar olan, sağlamlıq imkanlarını itirənlər daim dövlətin diqqət mərkəzində olmalıdır. Komitə sədri qeyd edib ki, bugünkü tədbirə müxtəlif regionlardan 94 uşaq “Zoom” platforması vasitəsilə qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR