Dövlət Komitəsinin sədri: "Artıq Azərbaycandan xarici terrorçu qruplara qoşulan yoxdur"

Dövlət Komitəsinin sədri: "Artıq Azərbaycandan xarici terrorçu qruplara qoşulan yoxdur"

© APA | Mübariz Qurbanlı

# 21 iyun 2021 10:46 (UTC +04:00)

"Azərbaycandan artıq demək olar ki, xarici terrorçu qruplara qoşulan yoxdur, belə hal qeydə alınmayıb".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, əvvəllər qeydə alınanlar olurdu. Amma hüquq-mühafizə orqanlarının, mətbuatın apardığı profilaktik, o cümlədən, ideoloji təbliğat işləri bunun qarşısını almaqda mühüm rol oynayıb: "Hazırda bu cür faktlar qeydə alınmayıb. Əvvəllər xaricə gedən və bu cür terrorçu qruplara qoşulan şəxslərin ailə üzvləri reabilitasiyaya cəlb olunub. Həmin ailə üzvlərinin bir qismi gətirilib, təbii ki, orada uşaqlara və qadınlar da var. Bununla bağlı məxsusi reabilitasiya mərkəzi yaradılıb. Həmin reabilitasiya mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçiləri də geriyə qaytarılmış ailələrlə dini sahədə işlərin aparılmasında iştirak edir. Burada dəqiq rəqəmləri deyə bilmərəm, amma Azərbaycanda az sayda bu cür hallar var idi. Ümumiyyətlə, əvvəlki illərdə də İŞİD-in terror qruplaşmalarında iştirak edən xarici vətəndaşlar siyahısında bizim ölkə çox aşağı yerdə idi. Azərbaycandan gedənlərin sayı başqa ölkələrdən gedənlərin sayı ilə müqayisədə çox az idi. Bizim ölkənin adı bəzən heç statistikaya aid edilmirdi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR