Dövlət Komitəsinin sədri qadın və uşaq problemlərinin əsas səbəblərini açıqlayıb

Dövlət Komitəsinin sədri qadın və uşaq problemlərinin əsas səbəblərini açıqlayıb

© APA | Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

# 27 iyul 2021 11:52 (UTC +04:00)

“Müxtəlif səbəblərdən intiharlar, uşaqların erkən nikaha cəlb olunması, təhsildən yayınması, bəzi hallarda ağır əməyə cəlb olunması çox ciddi qadın və uşaq hüquqları pozuntulardır”.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

B. Muradova deyib ki, bu kimi hüquq pozuntularının aradan qaldırılması üçün 10-a qədər müvafiq dövlət qurumu fəaliyyət göstərir, Dövlət Komitəsi bu istiqamətdə əlaqələndirici rolunu həyata keçirir: “Əgər konkret hal baş verirsə, konkret halla bağlı fəaliyyət çərçivəsi var. Eyni zamanda belə halların qarşısını almaq üçün preventiv tədbirlər həyata keçirilir. Biz bütün bunların hamısı ilə bağlı fəaliyyətimizi reallaşdırırıq. Maarifləndirmənin genişləndirilməsinə, preventiv tədbirlərin aparılmasına çox böyük ehtiyac var. Cəmiyyətin özünün iştirakı ilə bu problemləri azaltmaq, minimuma endirmək mümkündür. Əlbəttə, bu problemləri tam aradan qaldırmaq mümkün deyil. Bəzi hallarda bu, bataqlığa əkilmiş ağaca bənzəyir. Bu gün bir addımı atırsan, bir problemi aradan qaldırırsan, sabah ondan dəhşətli bir problem, konkret hal meydana çıxır. Bu da onu göstərir ki, biz nə qədər təhsil məsələlərini, xüsusən qızların təhsilə cəlb olunmasını digər məsələlərdən arxada qoyacağıq, belə hallar olacaq. Ailələr bir çox məsələlərlə bağlı arxaik qaydalardan imtina etməlidirlər. O arxaik qaydaları dəyər adlandırırlar, amma o, dəyər deyil. Mənfi stereotiplərdir ki, o stereotiplər bəzən bizə qanunlarımızın müəyyən etdiyi və özümüzün də imkanlarımız olduğu halda aradan qaldıracağımız problemləri həll etməyə imkan vermir. Ailələrin belə mühafizəkarlığı, belə məsələlərdə öz iradələrini hər şeydən üstün tutması, öz övladına, qadına qarşı sanki onun sahibi kimi davranması bəzən hallarda problemlərin baş verməsinə gətirib çıxarır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR