Ədliyyə naziri Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə baş direktoru ilə görüşüb

Ədliyyə Nazirliyi

© APA | Ədliyyə Nazirliyi

# 28 oktyabr 2021 18:56 (UTC +04:00)

Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə baş direktoru Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirən nazir 30 ildən bəri hüquqları kobud şəkildə pozulmuş məcburi köçkünlərimizin qayıdışı ilə bağlı həmin ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparıldığını vurğulayıb.

Eyni zamanda dövlət başçısının rəhbərliyi ilə məhkəmə-hüquq islahatlarının uğurla davam etdiyi, bu sahədə beynəlxalq tərəfdaşlar, o cümlədən Avropa Şurası ilə əlaqələr və birgə layihələrin təşviqi qeyd olunub, son illər həyata keçirilən tədbirlərə və yeniliklərə maraq göstərilib. Qonaqlar qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanlarının fəaliyyəti, yüksək texnoloji - «hi-tech» məhkəmələrin yaradılması, "Elektron məhkəmə" informasiya sisteminin geniş tətbiqi, hakimlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçiminin davamlı xarakter alması barədə məlumatlandırılıb.

Bildirilib ki, məhkəmə fəaliyyətinin səmərəliliyinin, bu sahədə şəffaflığın artırılması ilə bağlı ardıcıl tədbirlər görülür, vahid məhkəmə təcrübəsinin, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqinə mühüm önəm verilir, bu məqsədlə Ədliyyə Akademiyasında hakimlərin və vəkillərin davamlı tədrisi keçirilir.

Ölkəmizə səfərindən xoş təəssüratını bölüşən X.Cakoumoulos Avropa Şurasının 2022-2025-ci illər üçün nəzərdə tutulan Fəaliyyət Planının əməkdaşlıq üçün yeni imkanlar yaradacağını bildirib, Ədliyyə Nazirliyi ilə səmimi və faydalı qarşılıqlı fəaliyyəti, birgə layihələri qeyd edib, həyata keçirilən mütərəqqi islahatları təqdir edərək onların daha geniş ictimaiyyətə çatdırılmasının önəmini vurğulayıb. Cari ilin dekabrında İtaliyanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Avropa ədliyyə nazirlərinin "Bərpaedici ədliyyə" mövzusunda konfransının keçiriləcəyini və orada iştirakın əhəmiyyətini qeyd edib.

X.Cakumopulos həmçinin, penitensiar sistemdə aparılan islahatları, yeni cəzaçəkmə müəssisələrinin inşasını, humanistləşdirmə tədbirlərini məmnunluqla qarşılayıb, Azərbaycanın ədliyyə sahəsində rəqəmsal innovasiyalarla bağlı təcrübəsinin digər dövlətlərə yayılmasının önəmini vurğulayıb. O, əməkdaşlığın genişləndirilməsinə və aparılan islahatlara hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından ölkəmizdə icrası vəziyyəti və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyeş iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR