ƏƏSMN: 7900-dən çox şəhid ailəsi üzvlərinə sosial ödənişlər həyata keçirilib 

Memorial.az saytının təqdimatı

© APA | Memorial.az saytının təqdimatı

# 28 sentyabr 2021 11:20 (UTC +04:00)

“Postmüharibə dövründə 30 mindən çox şəxsə sosial müdafiə dəstəyi göstərilib, 7900-dən çox şəhid ailəsi üzvlərinə 15700-dən artıq sosial ödənişlər həyata keçirilib”.

APA-nın məlumatına görə, bunu memorial.az saytının təqdimatında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Onun sözlərinə görə, bu il Prezident İlham Əliyevin sərəncam və fərmanları ilə sosial ödənişlərdə ciddi artımlar müşahidə olunub: “Bunun nəticəsində Vətən müharibə qəhrəmanı olan şəxslərə aylıq 2000 manat, Milli Qəhrəmanlar üçün aylıq ödənişlər 1800 manata çatdırılıb, müharibə əlillərinin təqaüdləri artırılıb. 2021-ci ildə mənzil və fərdi ev təminatı 5 dəfə artırılıb, növbəti illərdə 11 min mənzil və fərdi evlərin verilməsi nəzərdə tutulur. Bu il isə 3000 mənzil və fərdi ev veriləcək ki, artıq 1600-ü təqdim olunub”.

A.Kərimov 3000-dən çox ailənin 10 minədək ailə üzvünə sosial dəstək göstərildiyini vurğulayıb: “Hərbi əməliyyatlardan sonra bütün şəhid ailələri ziyarət olunub, ehtiyacları öyrənilib. Mühüm tədbirlərdən biri odur ki, 142 hərbçi son nəsil yüksək texnologiyalı protezlə təmin edilib, 1500 qaziyə reabilitasiya xidmətləri göstərilib. 8000 vətəndaş aktiv məşğulluq tədbirlərinə cəlb olunub, "Məşğulluq marafonu" ilə də 765 şəhid ailəsi üzvü işlə təmin edilib. Şəhid ailə üzvlərinin sosial xidmətlərə və digər hərbi, tibbi xidmətlərə çıxışı üçün yaradılan Vahid Əlaqələndirmə Mərkəzindən 1000-ə yaxın bu təbəqəyə aid şəxs yararlanıb. Sosial Xidmətlər Agentliyi tərəfindən "Unudulmaz" mobil tətbiqi hazırlanır. İyunda bu tətbiqi ilkin təqdimatı olub, burada şəhid və qazilərimizin döyüş yolu, təltifləri, cəmiyyətə daha yaxından tanıdılması üçündür, onların cəmiyyətə daha yaxından tanıdılması məqsədini daşıyır. Eyni zamanda, "Vətən dastanı" filminin də təqdimatı olub, burada torpaqların işğaldan azad edilməsindən, Zəfərimizdən danışılır, şəhid ailələri və qazilərə həsr olunub. Dünəndən anım günü ilə bağlı tədbirlərə start verilib, növbəti 44 gün ərzində silsilə tədbirlər keçiriləcək, şəhid övladları üçün "Tut əlimdən" və "Hərə bir qəhrəman oldu" layihələri təşkil olunacaq. Digər bir layihə olan "Xarı Bülbül" sərgisində isə müharibə əlili olan şəxslərin əl işləri təqdim olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR