Ekoaktivistlər ağacların qanunsuz kəsilməsinin dayandırılmasına nail olublar

Ekoaktivistlər ağacların qanunsuz kəsilməsinin dayandırılmasına nail olublar
# 16 iyul 2021 12:55 (UTC +04:00)

Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın (DANMA) təşəbbsüsü ilə ADA Universitetində meşələrin mühafizəsi problemi ilə bağlı müzakirələr aparılıb.

APA-nın xəbərinə görə, tədbir zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, FAO və UNDP nümayəndələri ilə ekoaktivistlər və media nümayəndələri arasında Azərbaycanın müxtəlif bölgələrində meşə ərazilərinin məhvi ilə bağlı son vaxtlar üzə çıxan faktlar müzakirə edilib.

Sosial şəbəkələr vasitəsilə ictimaiyyətə açıq şəkildə keçirilən görüşdə DANMA tərəfindən ekoaktivistləri maraqlandıran suallar aidiyyəti qurumlara təqdim olunub, ağacların qanunsuz kəsilməsi halları dərindən təhlil edilib.

Ekologiya və təbii sərvətlər nazirinin muavini Vüqar Kərimov bildirib ki, son günlərdə Lənkəranın Haftoni meşəsində Beta Tea Azerbaijan şirkəti tərəfindən qanunsuz olaraq kəsilmiş ağaclarla bağlı faktlar araşdırılmış, şirkət müvafiq qaydada cərimələnmiş və şirkətlə bağlanılan müqavilə ləğv edilib.

Tərəflər meşələrə dağıdıcı təsir göstərən hal və əməllərə görə təqsirkar tərəflərin cəzalandırılması və bu cür hadislələrin gələcəkdə təkrarlanmaması üçün bu sahədə şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsinə ehtiyac duyulduğu barədə razılığa gəliblər.

Tədbirin nəticəsi olaraq, DANMA nümayəndələri ekoaktivistlərin təkliflərini ümumiləşdirərək aşağıdakı məsələləri ictimaiyyət qarşısında ETSN nümayəndələrinə təqdim edib, onların yerinə yetirilməsinə razılaşıblar:

Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında qanunun şamil edilmədiyi hallarda belə ETSN tərəfindən sahibkarlara icarəyə verilən ərazilər üzrə bağlanan bütün müqavilələr üzrə ictimai nəzarət qrupunun yaradılması və həmin qrupun ərazilərə getməsi, ərazini aktlaşdırması, orada olan ağac, kol və s. protokollaşdırması.

Kəsilən ağaclar üzrə hüquqi şəxslər üçün cərimələrin miqdarının artırılması. Kəsilən bitkilər ictimai nəzarət qrupu tərəfindən protokollaşdırıldıqdan sonra kəsilirsə, bu zaman cərimələrin daha da artırılması.

Ölkə üzrə vahid elektron xəritələrin yaradılması və həmin xəritələrdə Meşə Fonduna, Milli Parklara və sahibkarlara aid olan torpaqların dəqiqliklə göstərilməsi prosesinin sürətləndirilməsi.

Sahibkarlarla bağlanan müqavəilələrin və aqrobağ xəritələrinin ictimaiyyətə açıq olması.

Qeyd edək ki, Azərbaycanın yaşıl və dayanıqlı gələcəyinin qurulmasına dəstək olmaq məqsədilə yaranan Dayanıqlı Azərbaycan Naminə Milli Alyans ekoloji məsələlərin həllində fəal iştirak üçün gəncləri motivasiya və səfərbər etmək, özəl sektor, hökumət və vətəndaş cəmiyyətləri arasında daha yaxşı əməkdaşlığa nail olmağı hədəfləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR