Əlilliyin təyinatı ilə əlaqədar insan orqanizminin sabit pozuntuları açıqlanıb

Əlilliyin təyinatı ilə əlaqədar insan orqanizminin sabit pozuntuları açıqlanıb
# 18 iyun 2021 10:38 (UTC +04:00)

İnsan orqanizminin funksiyalarının sabit pozuntuları müəyyənləşib.

APA-nın məlumatına görə, bu, “Əlilliyin müəyyən olunması Meyarları”nda əksini tapıb.

İnsan orqanizminin funksiyalarının sabit pozuntularına aşağıdakılar aiddir:

- psixi funksiyaların pozulması – şüur, istiqamət bilmə, intellekt, şəxsiyyət xüsusiyyətləri, iradə və təhriketmə funksiyaları, diqqət, yaddaş, psixomotorika, emosiyalar, hissiyyat, düşünmə, yüksəksəviyyəli öyrənmə funksiyaları, nitqin əqli funksiyaları, ardıcıl mürəkkəb hərəkətlər;

- səs və nitq funksiyalarının pozulması:

şifahi (rinolaliya, dizartriya, kəkələmə, alaliya, afaziya);

yazılı (disqrafiya, disleksiya);

verbal və qeyri-verbal kommunikasiya pozuntusu;

səs əmələgəlmənin pozulması;

- sensor funksiyaların pozulması – görmə, eşitmə, iybilmə, toxunaraq hiss etmə (taktil hissiyyat), ağrı hissiyyatı, temperatur, vibrasiya və digər növ hissiyyatlar, vestibülyar funksiya;

- sinir-əzələ, skelet və hərəkətlə bağlı digər (statodinamik) funksiyaların pozulması - baş, bədən, ətrafların, o cümlədən sümüklər, oynaqlar, əzələlərin hərəkəti, statika, hərəkətlərin koordinasiya pozuntusu;

- ürək-damar sistemi, tənəffüs sistemi, həzm sistemi, endokrin sistem və metobolik, qan, qanyaradıcı və immun sistemlərin, sidik sistemi, dəri və onunla bağlı bütün sistemlərin funksiyasının pozulması;

- xarici fiziki eybəcərliklə bağlı çatışmazlıqlar - (üzün, başın, bədənin və ətrafların xarici eybəcərliyə gətirib çıxaran deformasiyaları), həzm, sidik-cinsiyyət, tənəffüs sistemlərinin anadangəlmə inkişaf çatışmazlığı, bədən ölçülərinin pozuntusu.

Qeyd edək ki, Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması Meyarları”nı təsdiqlədikdən sonra “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ləğv ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR