Əsassız pensiya ödənişlərinin vətəndaşlardan hansı şərtlərlə geri alınacağı açıqlanıb

Sahil Babayev

© APA | Sahil Babayev

# 12 noyabr 2021 16:21 (UTC +04:00)

“Əsassız və saxta pensiya işləri ilə bağlı işlər davam etdirilir: “Burada məqsəd haqqı çatan insanların pensiya təminatının təmin olunmasıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, dövlət vəsaitinin mənimsənilməsinin qarşısı birmənalı olaraq alınmalıdır: “Pensiya hüququ yaranan hər bir şəxsin pensiya hüququ təmin olunmalıdır. Eyni zamanda saxta yollarla, əsassız şəkildə sosial ödənişlər almış şəxslərin qarşısı birmənalı olaraq kəsilməli, dövlət vəsaitinin mənimsənilməsinin qarşısı alınmalıdır”.

S. Babayev qeyd edib ki, saxta pensiya təyinatı ilə əlaqədar 2018-ci ildə 25,6 milyon manat, 2019-cu ildə 133.1 milyon manat, 2020-ci ildə 246,5 milyon manat, cari il üzrə isə 496,3 milyon manat vəsaitin mənimsənilməsinin qarşısı alınıb: "Söhbət ciddi şəkildə şişirdilmiş pensiyaların real məbləğə endirilməsindən gedir. Yəni real olaraq pensiya hüququ 1000, 1500, 2000 manata çatan insana 12, 15, 17 min manat pensiya ödənilir. Onlarla, yüzlərlə hal var ki, fərdlər tərəfindən 10-12 il ərzində 1 milyon, 1 milyon 500 manat məbləğində vəsait mənimsənilib. Hazırda vətəndaşlarla bağlı işlərin necə idarə edilməsi müzakirə edilir. Bu işlərin görülməsində cavabdeh şəxslər məsuliyyətə cəlb edilib. Bu işlərə görə təqribən 250-270 cinayət işi açılıb. Həmin şəxslər işdən də qovulub. Çox böyük məbləğlərdə mənimsənilmiş vəsait var. Biz bu vəsaitin növbəti dövr üçün ödənilməsini dayandırmışıq. Köhnə dövr üçün vətəndaşlarımızla mümkün qədər qarşılıqlı anlaşmaya getməyə çalışırıq. Qanunvericilik imkan verdiyi minimal məbləğdə, yəni 10 faiz məbləğində növbəti ödənişlərdən tutulmalar vasitəsilə bu prosesi idarə etməyi nəzərdə tuturuq. Bizim niyyətimiz yoxdur ki, illərlə alınmış vəsaiti vətəndaşdan 1 gündə tələb edək. Qanunvericiliyə uyğun olaraq vətəndaşlardan bu ödənişləri minimal şərtlərlə geri almağa çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR