ƏSF Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qanvermə aksiyası keçirib - FOTO

ƏSF-də qanvermə aksiyası keçirilib

© APA | ƏSF-də qanvermə aksiyası keçirilib

# 03 iyun 2021 17:03 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara könüllü və təmənnasız kömək məqsədilə qanvermə aksiyası keçirilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, hazırda respublikada yüzlərlə qan xəstəliklərindən əziyyət çəkən uşaqların köməyə ehtiyacları var. Bildirilib ki, onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək vermək, eyni zamanda, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım edərək onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədi ilə Əmanətlərin Sığortalanması Fondunda könüllü olaraq bu tədbir həyata keçirilib. Fondun əməkdaşları yüksək həvəs nümayiş etdirərək qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün aksiyada fəal iştirak ediblər. Əməkdaşlar öncə ümumi qan analizi verdikdən sonra tibbi müayinədən keçiblər və hər hansı bir infeksion xəstəliyə rast gəlinmədiyi təqdirdə qanverməyə qoşula biliblər.

Aksiyada iştirak edən əməkdaşlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermənin xeyirxah və savab iş olduğunu vurğulayaraq, bu tipli aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Sosial yönümlü aksiya mövcud pandemiya vəziyyəti ilə əlaqədar sosial izolyasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR