ETSN: Sabahdan birdəfəlik plastik qabları əvəz edən alternativlərdən istifadə etmək lazımdır - VİDEO - YENİLƏNİB

ETSN: Sabahdan birdəfəlik plastik qabları əvəz edən alternativlərdən istifadə etmək lazımdır - VİDEO  - YENİLƏNİB
# 30 iyun 2021 16:11 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində “İyulun 1-dən birdəfəlik plastik qablardan imtina və alternativlərdən istifadə” mövzusunda iri market nümayəndələri ilə görüş keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən ETSN-in Ekosiyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev deyib ki, sabahdan birdəfəlik plastik qabların istifadəsi qadağan olunur. Onun sözlərinə görə, bunları əvəz edən digər alternativlərdən istifadə etmək lazımdır: "Ötən illər ərzində çoxlu maarifləndirmə tədbirləri keçirilib. Elə ölkələr var ki maarifləndirmə tədbiri olmadan insanlar birdəfəlik plastiklərdən imtina edir, sahibkarlar da təşəbbüslər irəli sürürlər. Bunlar canlı həyat tərzinə, inana sağlamlığına ciddi zərər verir. Belə məhsullar birdəfəlik nəzərdə tutulsa da, bəzən bir neçə dəfə istifadə olunur".

O qeyd edib ki, sadalanan məhsulların istehsalı, idxalı, sahibkarlar tərəfindən ictimai iaşə obyektlərinə satılması, orada istifadəsi qadağan olunur. Bu hallar pozulduqda qanunvericiliklə nəzərdə tutulan miqdarda cərimələr tətbiq olunacaq. İl ərzində qaydanı təkrar pozanlar üçün cərimənin miqdarı artır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev deyib ki, bu sahədə beynəlxalq təcrübə araşdırılıb: “Bu, artıq qlobal məsələdir. Plastik tullantılar təbiətdə 100 illərlə parçalanmadan qalır. Bunu heyvanlar qəbul edir və qida zənciri vasitəsilə insanlara da təsir edir. Plastik qablardan imtina nəticəsində sahibkarlar artıq bitki yönümlü qablaşdırma materiallardan istifadəyə təşviq ediləcəklər”.

O qeyd edib ki, sabahdan plastik qabların satışı qadağandır: "Vətəndaşlar hansısa marketdə plastik qabların satışı ilə rastlaşdıqda Dövlət Xidmətinin “Qaynar xətt”i ilə əlaqə saxlaya bilərlər. Həmin müraciət dərhal nəzarətə götürüləcək. Müvafiq tədbir görülməsi üçün araşdırmaya başlanılacaq".

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşı Aydın Zeynalov bildirib ki, may ayında 2 gün ərzində 238 ticarət obyektində 15 mikrona qədər olan polietilen torbalarla bağlı müşahidələr aparılıb: "Sevindirici haldır ki, əksər ticarət obyektində bu tip torbalardan istifadə olunmur, onlardan imtina olunub. Amma bəzi obyektlərdə 15 mikrona qədər polietilen torbalardan istifadə halları da var idi. Ümid edirik bu hallar da yığışdırılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR