Evlərin sənədləşdirilməsi sahəsində problemlər açıqlanıb

Evlərin sənədləşdirilməsi sahəsində problemlər açıqlanıb
# 20 sentyabr 2021 17:53 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti evlərin sənədləşdirilməsi sahəsində problemləri açıqlayıb.

Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sənədsiz evlərin sənədləşdirilməsi ümumilikdə bir çox amillərə bağlı problemlərdən ibarətdir. Ölkədə müstəqilliyin ilk illərində ağır müharibə şəraiti, 1 milyondan artıq soydaşımızın qısa müddət ərzində öz ata baba yurdlarından qaçqın düşməsi, sovet hüquq sisteminin müasir liberal iqtisadi sistemə uyğun olmaması kimi amillər bir çox sahədə olduğu kimi, yaşayış fondunun inkişafı və sənədləşdirilməsində də ciddi çatışmazlıqlara səbəb olub.

Dünya təcrübəsi nəzərə alındıqda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tədbirləri aşağıdakı kimi təsnifatlaşdırmaq mümkündür: “Bunlardan biri sənədsiz evlərin artmasının qarşısının alınması məqsədi ilə vətəndaşların sənədli ev sahibi olmaları imkanlarının təkmilləşdirilməsidir. Bu istiqamətdə ipoteka imkanlarının yaradılması və əhatə dairəsinin genişləndirilməsi, İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə dövlət vəsaiti hesabına sosial ipoteka imkanlarının yaradılması, kirayə mənzillərin müəyyən müddət sonra mülkiyyətə verilməsi ilə bağlı mexanizmin yaradılması, dövlət tərəfindən sosial yönümlü yaşayış binalarının MİDA vasitəsilə tikilib mənzillərin vətəndaşlara təqdim edilməsi, şəhid ailələri, qazilər, məcburi köçkünlərin dövlət vəsaiti ilə mənzillərlə təmin edilməsi bu istiqamətdə son illərdə görülmüş işlərə aid edilə bilər. Eyni zamanda evlərin qanuni əsaslarla əldə edildikdən sonra qeydiyyatının sadələşdirilməsi, elektron xidmətlərin yaradılması, vətəndaş məmur ünsiyyətinin azaldılması istiqamətində mütəmadi işlərin aparılması qeyd olunmalıdır.

Digəri sənədsiz evlərin şəhər infrastrukturuna maneə yaratmayan və ciddi pozuntular olmayan qisminin sənədləşdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsidir. Sovet İttifaqı dövründə və müstəqilliyin ilk illərində müxtəlif dövlət orqanları tərəfindən vətəndaşların həyətyanı torpaq sahələrinə və evlərinə qanunvericiliklə tənzimlənməmiş olan müxtəlif səpkili sənədlər verilib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən, həmin sənədlər hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil etmədiyi üçün xeyli sayda fərdi yaşayış evinin sənədləşdirilməsi mümkün olmurdu. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə əvvəllər qeydiyyat hüququ verməyən sənədlər artıq Qanunun əhatə dairəsinə əlavə edilmiş və nəticədə on minlərlə vətəndaşın evlərinin sənədləşdirilməsi təmin edilmiş və bir çox tam sənədsiz yaşayış massivi dövlət qeydiyyatına alınıb.

Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna 24 fevral 2015-ci il tarixində edilmiş dəyişikliklə Qanunun 8-ci maddəsinə 8.0.9.1.2-ci hissə əlavə edilib. Bu əlavə ilə 1 yanvar 2013-cü il tarixinə qədər tikilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mülkiyyətdədirsə və təyinatı yaşayış evinin tikilməsinə yol verirsə, fərdi evin qeydiyyatı üçün heç bir sənəd tələb edilmədən sənədsiz evlərin qeydiyyatı təmin edilir”.

Məlumatda o bildirilir ki, ƏMDX tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanın icrası ilə bağlı əvvəlki illərdə tikilmiş bəzi çoxmənzilli binalar üzrə 100 minə yaxın mənzilin dövlət qeydiyyatına alınması təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR