FAO eksperti: “Xəstəlikdən azad statusun əldə edilməsi ilə diri heyvanların tranzit daşınmasında maneələr aradan qalxacaq”

Susanne Munstermann

© APA | Susanne Munstermann

# 12 noyabr 2021 15:20 (UTC +04:00)

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən 2030-cu ilə kimi bütün üzv ölkələrin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olunması təşəbbüsü irəli sürülüb”.

APA-nın məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Qərargahının eksperti Susanne Munstermann bildirib.

Onun sözlərinə görə, indiyə qədər 59 ölkə tərəfindən bu status alınıb: "Xəstəlikdən azad statusun əldə edilməsi ilə xırdabuynuzlu heyvanlar və onlara aid məhsulların ixracatının həyata keçirilməsi, eyni zamanda ölkə ərazisi vasitəsilə diri heyvanların tranzit daşınmasında maneələr aradan qalxacaq və ölkələrarası əməkdaşlıq üçün yeni imkanlar yaranacaq".

Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev isə deyib ki, son illərdə AQTA mütəxəssisləri tərəfindən ölkə ərazisi üzrə aparılmış epizootoloji və seroloji monitorinqlərdə xəstəliyə aid klinik təzahürlər və törədicisinə rast gəlinməyib ki, bu da epizootik stabilliyin qorunub saxlanıldığını göstərir: "Respublikanın ərazisində epizootik vəziyyətin nəzarətdə saxlanması və xəstəliyin yayılma areallarının öyrənilməsi üçün Agentlik tərəfindən müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq daha da genişləndirilib. FAO-nun “Baytarlıq diaqnostikası da daxil olmaqla xəstəliklərin müşahidəsi üçün milli potensialın artırılması layihəsi” çərçivəsində xırdabuynuzlu heyvanların taununa (XBT) görə aktiv nəzarət sisteminin yaradılması və xəstəlikdən azad olmanın müəyyən edilməsi planının tətbiqi kimi tədbirlər həyata keçirilir. XBT-dən azad statusun alınması üçün həyata keçirilmiş xüsusi təyinatlı epizootiya əleyhinə tədbirlər barədə sənədlər toplusu tərtib olunmalı və 2022-ci ilin üçüncü rübündə OIE-yə təqdim edilməlidir. Hesabat qəbul edildiyi təqdirdə ölkəmizə XBT-dən azad status veriləcək ki, nəticədə ixracatçı və tranzit ölkə kimi mühüm üstünlüklər qazanmaqla Azərbaycan regionda bu istiqamətdə ilk ölkə olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR