Fəttah Heydərovun vəfatından bir il ötür - VİDEO

Fəttah Heydərovun vəfatından bir il ötür - VİDEO

© APA | Fəttah Heydərov

# 04 avqust 2021 14:29 (UTC +04:00)

Bu gün Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun vəfatından 1 il ötür. Fəttah Heydərov bu gün aramızda olmasa da, xatirələrimizdə daim yaşayır. Ruhuna dərin ehtiramla.

Sağlığında xalqına göstərdiyi xidmətin, insanlara bəslədiyi səmimiyyətin, qayğının qarşılığıdır ki, onun haqqında xatirələrini danışması üçün kimə mikrofon uzatsaq, ağızdolusu danışdı Fəttah Heydərovdan.

Millət vəkili Eldar İbrahimov deyir ki, Fəttah müəllimin yeri hər yerdə görünür: “Fəttah müəllim mənim üçün böyük qardaş, ağsaqqal olub. Həmdəm olmuşuq, yaxın dost olmuşuq. Fəttah müəllim böyük siyasətçi, həm də son vaxtlar tutduğu vəzifəsinə görə ən böyük ağsaqqal idi. Çünki Ağsaqqallar Şurasının sədri idi. Onu biz hər yerdə yad edirik. Mən həmişə gəlib yerimdə oturanda ona bir rəhmət deyirəm, sonra otururam. Çünki o, cismani olmasa da, ruhu sanki mənimlədir. Çox xeyirxah adam idi. Heç kəsin qəlbinə dəyməzdi. Hara gedirəmsə, ayağımı hara qoyuramsa, elə bilirəm ki, onun ruhu mənim başımın üstündədir”.

Fəttah Heydərovla illərlə çiyin-çiyinə işləyən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova isə Fəttah Heydərovu deputatların mənəviyyat carçısı kimi xatırlayır: “Fəttah müəllim kimi insanlara bizim cəmiyyətdə çox ehtiyac var. Mənə elə gəlir ki, vaxt keçdikcə onun yeri daha çox görünəcək. Onun yoxluğu bizə daha ağır olacaq. O, deputatların mənəviyyat carçısı, mənəviyyat ölçüsü idi. Belə ağsaqqallara Azərbaycan cəmiyyətində hər zaman ehtiyac var idi, indi də ehtiyac var. Fəttah müəllim həyatından çox Azərbaycanı sevirdi. Həmişə mənə deyərdi ki, biz Azərbaycanın müstəqilliyini göz bəbəyimiz kimi qorumalıyıq. Çox sadə həyat tərzi sürürdü. Bu həyat tərzi onun bütün nəslinə, oğluna, nəvələrinə də hopmuşdu. Mənim bu misilsiz insanla bağlı çox böyük xatirələrim var. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun”.

Qeyd edək ki, 1938-ci il fevralın 23-də Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olan Fəttah Heydərov əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbazar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.

1976-1978-ci illərdə Naxçıvan Muxtar SSR-də Əhaliyə Məişət Xidməti naziri işləyib.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan Muxtar Respublikasında Mədəniyyət naziri işləyib.

1990-1995–ci illərdə Naxçıvan Muxtar Respublikasında Ali Sovetin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015) çağırış Milli Məclisinin deputatı olub. 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin deputatı seçilib.

İşlədiyi vəzifələrdən asılı olmayaraq Fəttah Heydərov daim Azərbaycanın gələcəyi naminə çalışırdı. Onun təhsilin inkişafında da müstəsna xidmətləri olub. Hansı kəndə getsə oradakı məktəblərin vəziyyəti, şəraiti ilə maraqlanar, məktəblərin tikintisinə, təmirinə kömək edərdi...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR