FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı” günü keçirilib - VİDEO - YENİLƏNİB

FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı” günü

© APA | FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı” günü

# 30 iyul 2021 12:44 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə FHN-in Akademiyasında Vətən müharibəsi şəhidlərinin övladları üçün “Açıq qapı” günü keçirilib.

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının dəstəyi, nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Suraxanı rayon icra Hakimiyyətinin başçısı Əziz Əzizov, nazirliyin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, Müdafiə, Təhsil, həmçinin Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsi başlamazdan əvvəl şəhid övladlarının Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub.

Sonra nazirliyin akademiyasında davam etdirilən tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid övladları sülh rəmzi olan göyərçinləri havaya uçurublar.

Tədbirdə çıxış edən akademiyanın rəisi Baba Salahov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbirin əhəmiyyəti haqqında danışaraq bildiriblər ki, bu gün burada iştirak edən hər bir uşaq bizim qəhrəman övladlarımızın yadigarlarlarıdır, şəhid yadigarlarının xidmətində dayanmaq hər bir vətəndaşın borcudur.

General-mayor Baba Salahov bildirib ki, "Mənim atam qəhrəmandır" adlı tədbirin keçirilməsi ilə biz daima şəhid övladlarının qayğısında dayanacağımızı göstərmək istəyirik: “Bizim şəhidlərimiz 44 günlük Vətən müharibəsində vətəni sevdiklərini göstərdilər. Bunun nəticəsidir ki, torpaqlarımız bu gün işğaldan azad edilib. Həmin qəhrəmanlarımızın övladları üçün keçirilən bu cür tədbirlər davamlı olacaq və onlar hər zaman dövlətin qayğısını hiss edəcəklər."

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra uşaqlar akademiyanın nəzdində olan Heydər Əliyev Mərkəzi və Muzey, texnika və avadanlıqlarla eyni zamanda nazirliyin İdman-sağlamlıq klubu ilə tanış olublar. “Açıq qapı” günündə Fövqəladə hallar zamanı davranış qaydalarını daha yaxından mənimsəmələri üçün tədbirdə iştirak edən nazirliyin psixoloqu tərəfindən şəhid övladları arasında intellektual oyunlar təşkil olunub.

Tədbirin sonunda uşaqlara hədiyyələr və FHN işçilərinin Həmkarlar İttifaqının Fəxri Fərmanları təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və mütəmadi olaraq uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilmə işlərinin aparılması məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR