FHN Şəmkirdə yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirib

FHN Şəmkirdə yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirib

© APA | FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə növbəti seminar-müşavirə keçirilib

# 08 iyul 2021 11:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Şəmkir rayon Mədəniyyət Mərkəzində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.

APA-nın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, seminar-müşavirədə FHN DYNX-nin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovniki Natiq Piriyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Vahid Həsənov, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyev, Şəmkir rayon Polis şöbəsinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, habelə rayon inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və fərdi təsərrüfat rəhbərləri iştirak ediblər.

Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb.

Eyni zamanda, seminar-müşavirədə kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR