Fransa Milli Komissiyası: Azərbaycan minatəmizləyicilərini təlim üçün məktəblərimizə qəbul edə bilərik

Jerar Şesnel, Yves Marek

© APA | Jerar Şesnel, Yves Marek

# 16 oktyabr 2021 13:50 (UTC +04:00)

Parlament üzvlərinin, QHT-lərin, Fransada minaların təmizlənməsi və aradan qaldırılması üzrə aktiv şəxslərin, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin təmsil olunduğu Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının (CNEMA) üzvləri Azərbaycanda səfərdədir.

Milli Komissiyanın Prezidenti, səfir Jerar Şesnel və Milli Komissiyanın Baş katibi Yves Marek Azərbaycana səfərin məqsədi və gələcək əməkdaşlıq barədə fikirlərini APA-ya eksklüziv müsahibələrində açıqlayıblar.

- Azərbaycana səfərinizin məqsədi barədə məlumat verə bilərsinizmi?

Milli Komissiyanın Baş Katibi:

- Münaqişədən sonra Prezident Əliyevin ölkənin minalardan təmizlənməsini prioritet etməsi qərarını çox yüksək qiymətləndiririk. Vəziyyət bizi çox təsirləndirib, minalara görə çoxlu insan tələfatı var. Minalar qorxunc silahlardır, bu, qorxaqların silahıdır, çünki ölənlər mülki insanlardır, uşaqlardır, döyüşçülər deyil.

Hamımız, beynəlxalq ictimaiyyət bu silahın, bütün minaların məhv edilməsi ilə məşğuluq. İndi Azərbaycan ərazisindəki bütün minaları təmizləməyin və illərlə əziyyət çəkən bütün insanların geri qayıtmasına imkan yaratmağın vaxtı çatıb. Çünki bu insanlar Qarabağdan didərgin düşüblər və Azərbaycanın bütün bölgələrindədir. Öz qədim evlərinə qayıtmaq istəyirlər, bunu xəyal edirlər. Onların bu ərazilərdə kənd təsərrüfatı ilə məşğul olmaq, bu torpaqlarda işləmək imkanı olmalıdır.

- Azərbaycan rəsmiləri ilə müxtəlif görüşlər keçirirsiniz. Minalardan təmizlənmə prosesinə dəstək və kömək təkliflərinə Azərbaycan tərəfindən hansı reaksiyaları görürsünüz?

Milli Komissiyanın Baş katibi:

- Çox yaxşı reaksiya aldıq. Əlbəttə, bilirik ki, Fransada keçmişdə qəbul olunan bəzi bəyannamələrlə bağlı iki ölkə arasında anlaşılmazlıqlar olub. Lakin Azərbaycan Prezidentinin Fransanın "France24" kanalına verdiyi son müsahibəsində də eşitdiyimiz kimi, indi münasibətlərimizin yeni mərhələsindəyik. Mina təhlükəsi ilə üzləşən Azərbaycan xalqına kömək etmək üçün hamımız eyni istiqamətdə, eyni yoldayıq.

- Azərbaycanda minaların təmizlənməsi ilə bağlı prosesə töhfə vermək üçün Komissiyanın hər hansı konkret təklifi varmı?

Milli Komissiyanın Prezidenti:

- Bildiyiniz kimi bu, humanitar minatəmizləmədir, hərbi deyil. Beləliklə, məqsədimiz əraziləri təmizləmək, əhalinin 30 il əvvəl yaşadığı yerlərə qayıtmasına imkan yaratmaqdır. Əvvəl torpağı təmizləməli, minaları çıxarmalı, sonra insanlara evlərini yenidən qurmağa kömək etməli, tibb mərkəzlərini, klinikaları yenidən qurmalı, onların normal həyata qayıtmalarına kömək edəcək bütün alətləri, avadanlıqları verməliyik. Dediyim kimi, bu, humanitar təmizləmədir.

- Fransanın minatəmizləmə üzrə mütəxəssislərinin təlim keçmək, təcrübələrini bölüşmək üçün Azərbaycana səfər etməsi planı varmı?

- Əlbəttə. Azərbaycan minatəmizləyicilərinə müəyyən təlimlər keçə bilərik. Əminik ki, zəngin təcrübəyə malik minatəmizləyiciləriniz var, lakin Fransanın İkinci Dünya müharibəsinə qədər uzanan tarixi zəngin təcrübəsi mövcuddur. Dünyanın bir çox ölkəsindən Fransada təhsil alan bir çox minatəmizləyicilər var. Minalardan təmizləmək üçün biri Afrikada, biri də Livanda, Beyrutda olmaqla regional məktəblər açmışıq. Azərbaycan istəsə, buradan da minatəmizləyiciləri məktəblərimizə qəbul edə bilərik. Düşünürəm ki, onlar işlərində çox yaxşı olsalar da, bu təlimlərlə daha da mükəmməl olacaqlar. Beləliklə, əməkdaşlıq imkanları var.

- Azərbaycan bildirir ki, Ermənistan tərəfindən təqdim olunan mina xəritələrində dəqiqliklə bağlı problem var. Bəzi xəritələrdə dəqiqlik yalnız 25 faizdir. Necə düşünürsünüz, dəqiqlik üçün beynəlxalq təşkilatlar, o cümlədən Milli Komissiya kimi ixtisaslaşmış qurumlar bu xəritələrin yoxlanılmasında iştirak edə bilərmi?

Milli Komissiyanın Baş Katibi:

- Fransa və ATƏT-in Minsk Qrupunun bütün üzvləri, Minsk Qrupu ölkələrinin hər üç prezidenti, ABŞ, Fransa və Rusiya mina xəritələri haqqında ən yaxşı və dəqiq məlumatlara ehtiyac duyduqlarını bildirib. Əslində, Ermənistan tərəfindən təqdim olunan məlumatlar da minaların təmizlənməsi üçün faydalıdır. Ümid edirəm ki, bu xəritələr mümkün qədər dolğun və dəqiq olacaq, minalardan təmizləmə işində çalışan bütün əməkdaşlar bütün məlumatları əldə edə biləcəklər.

Fransa zərərçəkmişlərə yardım etmək, minatəmizləmə vasitələri almaq, minalardan təmizləmə işçilərinin daha sürətli getməsi naminə əməkdaşları təchiz etmək üçün ANAMA-ya yarım milyon avro məbləğində maliyyə dəstəyi verməyi qərara alıb. Bu əməkdaşlıq gələn il də davam etdiriləcək.

- Bölgəyə səfərinizi başa vurduqdan sonra vəziyyətlə bağlı hər hansı hesabat hazırlayacaqsınızmı?

- Əlbəttə ki, vəziyyətlə bağlı həm Fransada, həm də beynəlxalq qurumlarda hesabat verəcəyik. Ottava, Oslo Konfransında Fransanı təmsil edirik, Cenevrədə yerləşən minalardan təmizləmə cəmiyyətində komitələrin üzvüyük, Azərbaycana kömək edəcək ölkələrin koalisiyasını yaratmağa çalışacağıq. Növbəti il Fransa Avropa İttifaqına sədrlik edəcək. Qafqaz bölgəsində, bütün bölgədə sabitliyə kömək etmək üçün fərqli ölkələri bir araya gətirməyə çalışacağıq və təbii ki, real vəziyyətlə bağlı Fabien Qouttefarde kimi Parlament üzvləri də Komissiyaya və Senatdakı həmkarlarına məlumat verəcək.

- Minalar dinc insanlar üçün real təhlükədir və bu, təkcə Azərbaycanda deyil, dünyanın digər nöqtələrində də ciddi problemdir. Beynəlxalq ictimaiyyət bu problemlə necə mübarizə apara bilər?

- Hesab edirik ki, Azərbaycan ən böyük dəstəyə malik olmaq üçün minaların məhdudlaşdırılması haqqında beynəlxalq Ottava Konvensiyanı ratifikasiya etməlidir. Çünki düşünürəm ki, Azərbaycanın minalardan təmizlənmə haqqında qərar qəbul etməsi beynəlxalq ictimaiyyət tərəfindən çox yaxşı qiymətləndirilir. Fikrimcə, Konvensiyanın imzalanması beynəlxalq ictimaiyyətdən çox böyük dəstək əldə etməyə səbəb olacaq.

- Nə Azərbaycan, nə də Ermənistan Ottava Konvensiyasına qoşulub. Beynəlxalq ictimaiyyət bu ölkələri necə həvəsləndirə, onlara necə dəstək verə bilər ki, Konvensiyaya qoşulsunlar?

- Düşünürəm ki, bu missiyamız bunun bir elementidir. Bu mövzuda fikir mübadiləsi aparmalı və müzakirə etməliyik. Xarici İşlər Nazirliyində bu məsələni müzakirə edəcəyik. 2025-ci ilə qədər dünyanın minalardan azad olmasını istəyirik, buna nail olmaq çox çətindir, amma bütün dünya üçün ambisiyalı bir məqsədimiz var. Azərbaycanın da bu Konvensiyaya qoşulmasını çox arzu edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR