“Gələcəyə ümid” layihəsi təqdim olunub - FOTO

“Gələcəyə ümid” layihəsinin təqdimatı

© APA | “Gələcəyə ümid” layihəsinin təqdimatı

# 25 noyabr 2021 17:25 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə “Gələcəyə ümid” layihəsinin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, BŞTİ-nin müdiri Mehriban Vəliyeva layihəni cəmiyyətə sağlam gənclər qazandırmaq baxımından təqdirəlayiq təşəbbüs kimi qiymətləndirib.

Onun sözlərinə görə, ölkəmizdə uşaq hüquqlarının qorunması, onların hər cür diqqət və qayğı ilə əhatə olunması istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biridir: “Sağlam, savadlı və vətənpərvər nəsil yetişdirmək üçün bütün gücü ilə çalışan təhsili idarəetmə qurumları da həssas qruplardan olan uşaqların təlim-tərbiyəsi, onların cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişdirilməsini qarşıya məqsəd qoyub”.

Təhsil nazirinin müşaviri Elnur Əliyev şagirdlərin maarifləndirilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən layihənin uğurlu nəticələr əldə edəcəyinə əmin olduğunu bildirib: “Yüksək intellektə sahib, bacarıqlı, müasir çağırışlara cavab verən gəncliyin yetişdirilməsi Təhsil Nazirliyinin prioritetləri sırasında əsas yerlərdən birini tutur”.

Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov qeyd edib ki, bugünkü dövrdə gənclərin sosial psixoloji vəziyyəti, onların zərərli vərdişlərdən uzaq olması hər bir cəmiyyət üzvünü düşündürən məsələdir: “Zərərli vərdişlərlə mübarizənin aparılması, sosial psixoloji vəziyyətlə bağlı ən əsas məsələ maarifləndirmədir. Bu baxımdan layihənin əhəmiyyəti böyükdür. Bütün şagirdlərin bilik və bacarıqları artırılacaq və onlar gələcəyin təməlini atan vətəndaşlara çevriləcəklər”.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf şöbəsinin müdiri Hüseyn Hüseynovun sözlərinə görə, təəssüflər olsun ki, bu gün dünyada 63 milyon uşağın təhsil almaq imkanı yoxdur. Onların nəinki orta təhsil, hətta ibtidai təhsilə belə çıxışı mümkün deyil.

H. Hüseynov deyib ki, ancaq bugünkü statistik məlumatlara görə Azərbaycanda təhsil alma faizi 98-99 faizdir, 100 faizə yaxındır: “Elə bir uşaq yoxdur ki, onun məktəbə getmək, təhsil almaq imkanları məhdudlaşdırılsın. Çünki dövlət tərəfindən kifayət qədər infrastruktur yaradılıb, məktəblər tikilir, təmir edilir. Eyni zamanda, gender məsələsi də önəmli məsələdir, bu gün dünyada təhsilə çıxış imkanları olmayan şagirdlərin təxminən üçdə birini qız uşaqları təşkil edir. Biz əgər müasir əmək bazarının tələblərinə danışırıqsa, inklüziv formada həyata keçirilən layihələrin böyük əhəmiyyəti var. Bu layihələr şagirdlərin məktəbdəki bilikləri ilə paralel olaraq onların eyni zamanda əlavə bacarıqlarının artırılmasına xidmət edir. Qlobal iqtisadi forumunun hesablamalarına görə, bu gün məktəbə gedən şagird - on bir illik təhsil, daha sonra bakalavr, magistratura təhsilini oxuduğu iyirmi illik dövrdən sonrakı əmək bazarına daxil olanda bu gün mövcud olan peşələrin təxminən yetmiş faizə qədəri həmin vaxt mövcud olmayacaq. Deməli, istedad erkən yaşda müəyyənləşdirilməlidir. Orta məktəbdə onun bilik və bacarıqları ilə paralel əlavə bacarıqları da formalaşdırılmalıdır ki, artıq o gələcəkdə ixtisas seçimi prosesində daha düzgün və müasir trendləri, innovativ yanaşmaları özündə əks etdirən ixtisas seçimi əldə etsinlər. Bizim də gələcəkdə əmək bazarında artıq ixtisaslı işçiyə tələbatımızda ciddi boşluq yaranmasın”.

Digər çıxış edənlər də layihəni uşaq və yeniyetmələrin sağlam, bilikli və hərtərəfli formalaşması yönündə atılmış uğurlu addım kimi dəyərləndirərək qloballaşma proseslərinin sürətli inkişafı, texnoloji nailiyyətlərin həyatımıza nüfuz etməsi yetişən gənc nəsildən daha çevik addımlar tələb etdiyini qeyd ediblər.

Qeyd edək ki, “Gələcəyə ümid” layihəsi BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin 8-ci sinif şagirdləri arasında bir akademik tədris ili üçün nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR