Gəncədə COVİD-19-a qarşı dezinfeksiya işləri aparılıb

Gəncədə COVİD-19-a  qarşı dezinfeksiya işləri aparılıb
# 11 sentyabr 2021 13:03 (UTC +04:00)

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə Gəncədə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

APA-nın yerli bürosundan verilən məlumata görə, bu gün şəhərdə növbəti dəfə genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

İşlərə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) xeyli sayda texnika və xüsusi təlim keçmiş canlı qüvvəsi cəlb olunub.

Səhər saatlarından başlayaraq şəhərin əsas küçə və prospektləri, mərkəzi yolları MKTİB-in su çiləyici avtomobilləri vasitəsilə xüsusi dezinfeksiyaedici məhlulla yuyublar. Bununla yanaşı park və xiyabanlarda, dayanacaqlarda, ATM və bankların qarşısında, o cümlədən insanların sıx toplaşdığı digər ərazilərdə tibbi-profilaktiki işlər görülüb. Çoxmənzilli yaşayış binalarının həyətləri, giriş qəfəsləri və lift kabinlərini əhatə edən dezinfeksiya işləri şəhərin qəsəbələrində də aparılıb.

Dezinfeksiya işlərinə paralel olaraq şəhərin bir sıra hissələrində, xüsusilə Gəncəçay çayının məcrasında MKTİB tərəfindən iməcilik təşkil olunub, təmizlik işləri aparılıb. Çayın məcrası plastik butulka, sellofan torba və digər məişət tullantılarından təmizlənib.

Görülən tibbi-profilaktiki işlərlə yanaşı, əhali arasında aparılan maarifləndirmə tədbirləri də davam etdirilir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qruplarının üzvləri əhalinin sıx toplaşdığı ərazilərdə olub, fərdi qaydada izahetmə işləri həyata keçiriblər. Maarifləndirmə tədbirləri şəhərdə fəaliyyət göstərən ticarət obyektləri, aptek, ərzaq mağazaları və marketləri də əhatə edib.

Bu zaman sakinlərə bir daha ölkədə tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına riayət etmək, tibbi-gigiyenik vasitələrdən istifadə etmək, habelə sosial məsafə saxlamaq tövsiyə edilib. Sakinlərlə aparılan söhbət zamanı həmçinin, ölkədə davam edən vaksinasiya prosesində aktiv iştirak edərək, yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirmələri xahiş olunub.

Qeyd edək ki, Gəncədə aparılan reyd və maarifləndirmə tədbirləri, habelə dezinfeksiya işləri tərtib edilmiş qrafikə uyğun olaraq bundan sonra da davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR