Gəncədə insan alverinə qarşı mübarizə ilə bağlı seminar keçirilib - FOTO

Gəncədə insan alverinə qarşı mübarizə ilə bağlı seminar

© APA | Gəncədə insan alverinə qarşı mübarizə ilə bağlı seminar

# 27 oktyabr 2021 11:56 (UTC +04:00)

BMT-nin Miqrasiya Agentliyinin (BMqT) Azərbaycandakı Nümayəndəliyi Gəncə şəhərində insan alveri qurbanlarının müəyyən edilməsi üzrə 3 günlük təlimə başlayıb. Gəncədə bununla bağlı “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsi çərçivəsində seminar keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, seminarda BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev, ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer, Gəncə şəhər Baş Polis İdarəsinin, Şəmkir, Tovuz rayonlarının polis şöbələrinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, sosial xidmət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təlimin açılış sessiyasında BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev və ABŞ səfiri Li Litzenberqer çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, 2015-ci ildən etibarən BMqT ABŞ-ın İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” adlı layihəni icra edir. Qeyd olunub ki, layihənin əsas məqsədi insan alveri haqqında ictimaiyyətin məlumatlandırılmasıdır. Təlim insan alveri və insan alverinə qarşı mübarizənin əsas konseptləri, insan alveri qurbanlarının aşkar edilməsi, onların identifikasiyası, istiqamətləndirilməsi, kommunikasiya zamanı etik qaydalar və ehtimal olunan qurbanlarla müsahibənin aparılması, Azərbaycanda standart fəaliyyət prosedurları və Milli İstiqamətləndirmə mexanizmlərini əhatə edir.

Bildirilib ki, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan Alverinə Qarşı Mübarizə Fəaliyyəti” layihəsi mövcud və potensial insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq qurbanlarına yardım göstərən vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarına texniki və maliyyə dəstəyi göstərir və insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq formaları ilə mübarizə sahəsində çoxtərəfli koordinasiya və əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev jurnalistlərə açıqlamasında bildirib ki, tədbirdə iştirak etməkdən böyük məmnunluq duyur: “Biz insan alveri ilə mübarizə və onun qurbanlarının müəyyən edilməsi ilə bağlı dövlət qurumlarının, eləcə də vətəndaş cəmiyyətinin regional nümayəndələri üçün treninqlər təşkil etmişik. Bildiyimiz kimi insan alveri qurbanlarının sayı artmaqdadır. Çünki COVID19-un yaratdığı müəyyən çətinliklər var. İnsanlar işsiz qalıblar, bu çətinliklər potensial olaraq insan alveri qurbanlarının sayını artıra bilər. İnsanlara, xüsusən də həssas insanları necə müəyyənləşdirmək və onlara mülki sektor tərəfindən, hökumət tərəfindən köməklik göstərilməsinə və bu insanların problemlərinin müsbət şəkildə həll edilməsinə əmin olmaq istəyirik. Bildiyimiz kimi Azərbaycan regionun 5 ölkəsi ilə qonşu olan böyük ölkədir və Azərbaycan insan alveri üçün tranzit ölkə kimi istifadə oluna, Azərbaycanda da insan alveri ola bilər. Düşünürəm ki, insan alverinə qarşı mübarizə qabiliyyətimizi yaxşılaşdırmaq vacibdir. Biz düzgün tərəfdaşlığın olmasına əmin olmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR