“Gənclərin Sahibkarlıq Fəaliyyətinə Maliyyə Dəstəyi” layihəsi yekunlaşıb - FOTO

“Gənclərin Sahibkarlıq Fəaliyyətinə Maliyyə Dəstəyi” layihəsi yekunlaşıb - FOTO
# 23 iyun 2021 11:50 (UTC +04:00)

“Gənclərin Sahibkarlıq Fəaliyyətinə Maliyyə Dəstəyi” layihəsi yekunlaşıb.

APA-nın xəbərinə görə, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi verdiyi layihənin yekunlaşması ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən “Junior Achievement Azerbaijan” təşkilatının İdarə Heyətinin sədri Bəxtiyar Axundov bildirib ki, təşkilat artıq 22 ildir Azərbaycanda fəaliyyət göstərir, bu illər ərzində gənclərə maliyyə savadlılığı, sahibkarlıq, kapitalın idarə olunması kimi sahələrdə dəstək verilib, onlar üçün təlimlər təşkil olunub.

Onun sözlərinə görə, Aİ-nin maliyyələşdirdiyi, Təhsil Nazirliyi, “Paşa Bank”, “Junior Achievement Azerbaijan”ın dəstək verdiyi bu layihə Azərbaycanın 7 regionunda baş tutub və 4700-dən çox gənc bu layihədə iştirak edib.

Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli qeyd edib ki, bu layihə çərçivəsində azərbaycanlı müəllimlərə təlimlər keçirilib.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qatti vurğulayıb ki, Aİ insan kapitalına, rəqəmsal gündəliyə, islahatlara, iqtisadiyyatın şaxələnməsinə diqqət ayırır, bu sahələrdə dəstək verir. Aİ rəsmisi gənclərin və gənc sahibkarların iqtisadiyyatın şaxələnməsində mühüm rolu olduğunu qeyd edib.

S. Qatti bildirib ki, 3 illik layihə Azərbaycan regionlarını əhatə edib və layihəyə müəllimlər, şagirdlər cəlb edilib.

“Paşa Bank”ın İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva bildirib ki, bank bu layihədə donor qismində iştirak edib. Onun sözlərinə görə, layihə çətinliklərə - müharibə və pandemiyaya baxmayaraq, davam edib.

Qeyd edək ki, Zaqatala, Qax, Mingəçevir, Bakı, Gəncə, Qəbələ, Xaçmaz, Masallıdan seçilmiş təhsil müəssisələri bu layihədə iştirak edib. Layihə çərçivəsində maliyyə savadlılığı və sahibkarlıqla bağlı təlim-tədris materialları çap olunub. Layihənin hədəfləri Avropa təcrübəsini tətbiq edərək maliyyə savadlılığı və sahibkarlıq istiqamətində müasir təlim-tədris materiallarının hazırlanması, müəllimlərin bu sahədə peşəkarlılığının artırılması və şagirdlərin maliyyə savadlılığı və sahibkarlıqla bağlı dərslərdən əlavə məşğələlərə cəlb olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR