“Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfras keçirilib

“Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfras

© APA | “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfras

# 20 oktyabr 2021 13:37 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfras keçirilib.

APA-nın məlumatına görə, konfransda çıxış edən YAP sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqlarının, onun tərkibində gender bərabərliyinin təmin edilməsi Azərbaycanın siyasətinin əsas istiqamətlərindən biri olub: “15 il əvvəl “Gender bərabərliyinin təminatları haqqında” qanun da bu baxımdan çox mühümdür. Gender bərabərliyi olan cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Bu gün cəmiyyətdə qadınlar demək olar ki, bütün ictimai sahələrdə fəaliyyət göstərirlər. Ölkəmizdə bu prinsipə uyğun olaraq gender bərabərliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan qadına seçmək hüququ verən ilk Şərq dövlətidir” deyən T. Budaqovun sözlərinə görə, ötən illər ərzində qadınlarla bağlı hüquqi baza daha da təkmilləşdirilib.

T. Budaqov bildirib ki, qadın hüquqları məsələləri konkret qanunlarla yanaşı bir sıra məcəllələrdə də təsbit edilib: “Azərbaycanda birinci vitse-prezidentlik institutunun yaradılması, idarəetmədə gender bərabərliyinin təmin edilməsi ölkəmizdə bu sahədə təcrübənin olmasından xəbər verir. Cəmiyyətin həyatında mühüm vəzifə tutan qadınlar ölkəmizin inkişafında da xüsusi rol oynayır. YAP-ın inkişafının bütün mərhələlərində xanımlarımız öndə olub”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, gender bərabərliyi siyasətinin həyata keçirilməsini özündə ehtiva edən bir çox sənədlər, qanunlar, proqramlar və s qəbul edilib: “Bununla yanaşı Azərbyacan beynəlxalq konvensiyalara da qoşulub. dünyada gender bərabərliyinin tam təmin edilməsinə mane olan amillər Azərbaycanda da mövcuddur. Bizim qarşımızda vəzifə və öhdəliklər hələ çoxdur. Çünki bu sahədə problem olmadığını deyə bilmirik. Genderə həssas büdcənin tətbiqi də bu sahədə çox vacib olardı. Genderə həssas büdcənin tətbiqi və gender məsələlərinin büdcədə bütün sahələrdə tətbiqi nəzərdə tutulur” deyən H. Hüseynova bildirib ki, bununla bağlı qanunlara dəyişiklik ediləcək.

Onun sözlərinə görə, qəbul olunmuş qanunların mahiyyəti və insanlara töhfələri araşdırılmalıdır. Hüquqi sənədlərdəki boşluqlar üzə çıxdıqca yeni qanunlara yeni dəyişikliklər təklif olunur: “Hazırda Milli Məclisdə cari ilin mart ayında keçirilən dinləmədə səsləndirilən təkliflərə əsasən, komitə üzvləri tərəfindən gender bərabərliyi ilə bağlı qanuna dəyişiklik layihələri hazırlanaraq rəhbrəliyə təqdim edilib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təklif edib ki, digər siyasi partiyalar da gender bərabərliyinin təmin edilməsi sahəsində işlərə qoşulsun: “Biz parlamentdə gender bərabərliyi ilə bağlı növbəti hesabata hazırlaşırıq. Amma bu sahədə ötən ilki hesabatdan daha çox müsbətə doğru dəyişikliklər qeydə alınmayıb. İctimai, siyasi və həmkarlar təşkilatları da bu prosesə ciddi şəkildə qoşulmalıdır. Biz gender bərabərliyi ifadəsini işlədəndə yalnız qadınların hüquqların müdafiəsini düşünməməliyik. Amma bura qadınların hüquqların qorunmasından bəhs etmək də onu göstərir ki, gender bərabərliyinin təmin olunmamasında ən çox əziyyət çəkən qadınlardır. Gender bərqabərliyinin təmin edilməsində problemlərin əsas hissəsini kapital çatışmazlığı təşkil edir”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda bu sahədə görülən işlərdən, sosial qanunvericiliyə nəzərdə tutulan dəyişikliklərdən danışıb.

Konfrans digər iştirakçıların çıxışları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR