Güclü yağış Goranboyda fəsadlar törədib, Bakı-Qazax yolunda körpünün ətrafını sel basıb - FOTO - YENİLƏNİB

Goranboy, sel

© APA | Goranboy, sel

# 10 iyun 2021 16:46 (UTC +04:00)

Güclü yağış Goranboy rayonunda bir sıra fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından başlayan aramsız yağışlardan sonra rayon ərazisində keçən Kürəkçayda suyun səviyyəsi artıb və çay daşıb. Nəticədə çayın sol qulundan rayonun Qazançı, Goranlı və Kürəkçay qəsəbəsinə sel suları gəlib.

Sel sözügedən kəndlərin əkin sahələrinə və təsərrüfatlara ziyan vurub. Kənd yollarında avtomobillərin hərəkətində problemlər yaranıb. Kənd sakini İlyas Tahirovun yaşadığı evin ətrafını sel suları basıb. Onun təsərrüfatına ziyan dəyib.

Gecədən yağan güclü yağış nəticəsində yaranan gələn sel səhər saatlarında azalıb. Günün ikinci yarısından sonra yenidən kəndi sel suları basıb. Kəndin otlaq sahələri suyun altında alıb. Həmçinin Goranlı kənd sakinlərinə məxsus biçilməmiş arpa və yonca sahəsi yararsız hala düşüb. Təbiət hadisə zamanı yaranan çətinliyi aradan qaldırmaq üçün müvafiq qurumların təmsilçiləri gecə saatlarında əraziyə gəlib. Yaranan çətinlik texnikalar vasitəsilə aradan qaldırılıb.

Selin kəndə vurduğu ziyanın aradan qaldırılması üçün aidiyyatı qurumlara məlumat verilib.

***

11.17

Güclü yağış Goranboyda fəsadlar törədib.

APA-nın yerli bürosunun xəbərinə görə, Gorançayından gələn sel suları evlərə, ictimai iaşə obyektlərinə, avtomobil təmiri sexlərinə dolub. Rayonun Goran qəsəbəsi ərazisində Kəlbəcərdən olan məcburi köçkün Sərxan Orucovun yaşadığı evin ətrafı sel suları ilə dolduğundan orada yaşayanların hərəkət etməsi mümkün deyil.

Gecədən başlayaraq yağan güclü yağış nəticəsində gələn sel Goran qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə obyektinə də ziyan vurub. Obyektlərin həyətini, otaqları sel basıb.

Sahibkar İlham Musayev bildirib ki, səhər işə gələndə obyektini sel basdığının şahidi olub. Gorandakı avtomobil təmiri sexlərinə də sel suları dolub.

Həmçinin Bakı-Qazax avtomagistralının üzərində yerləşən körpünün hər iki ətrafı su ilə dolduğundan orada avtomobillərin hərəkəti çətinləşib. Yaranan çətinliyi aradan qaldırmaq üçün FHN-in avtomobilləri əraziyə cəlb edilib. Həmçinin Goranboy rayon İcra Hakimiyyətin başçısı Məhərrəm Quliyev fəsadların baş verdiyi ünvana gəlib. İcra başçısı selin vurduğu ziyanın aradan qaldırılması üçün adiyyatı qurumlara göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR