Gülşən Dikmen: “Mən Azərbaycana həm vətəndaş, həm həkim, həm də pedaqoq kimi qayıtmışam”

Gülşən Dikmen

© APA | Gülşən Dikmen

# 15 sentyabr 2021 12:00 (UTC +04:00)

Deyirlər, gözləri Allah qoruyur. Bu, həqiqətən belədir. Fikir vermisinizsə, insan gözləri çox nadir hallarda xarici təsirlərdən zədə alır. Üz almacıqları, göz qapaqları, kirpiklər, göz yaşı vəziləri onlara anatomik olaraq, qoruyucu vasitələri kimi verilib. Lakin təəssüf ki, yaşlanma, müxtəlif xəstəliklər, ekologiya və s. gözlərin tədricən zəifləməsinə, ayrı-ayrı xəstəliklərə düçar olmasına gətirib çıxarır. İnsan üçün həyatda korluqdan ağır fiziki qüsur yoxdur desək, yanılmarıq. Və sağ olsunlar təcrübəli, işini sevən oftalmoloqlar ki, həyatlarını gözlərin müalicəsi kimi çətin və məsuliyyətli işə sərf edir və bacardıqlarını edirlər ki, insanların gözlərinin nurunu qorusunlar, mümkün olanda isə onu geri qaytarsınlar.

Bu müsahibədə sizi bütün həyatını oftalmologiyaya həsr etmiş, Avropa təhsili almasına, xarici ölkələrdən ona müxtəlif kommersiya təklifləri gəlməsinə baxmayaraq, vətəninə qayıdan və usanmadan xalqı üçün çalışan oftalmoloq-cərrah Gülşən Dikmenlə tanış edəcəyik.

- Doktor, necə oldu ki, bir sıra xarici ölkələrdə uğurlu karyera imkanlarından imtina edib, vətənə qayıtdınız?

- Bir sıra xarici ölkələrdə çalışdığıma, təcrübə keçməyimə, orada yaşamağıma baxmayaraq, məqsədim hər zaman vətənə qayıtmaq olub. Bu ölkənin vətəndaşı olaraq, bilik və təcrübələrimi Azərbaycan xalqına həsr etmək mənim mənəvi borcumdur.

- Sizi Azərbaycana qaytaran təkcə bu idimi?

- Əlbəttə yox. Geri dönəndə Naxçıvan MR, Naxçıvan şəhərində çalışmağa başladım. Orada cərrahiyyəni inkişaf etdirmək, insanların sərhəd ölkələrə göz xəstəlikləri səbəbi ilə axınının qarşısını almaq və yüksək səviyyəli oftalmoloji xidmət vermək lazım idi. Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin bütün lazımi avadanlıqlarla təchiz olunmasına baxmayaraq, orada mütəxəssis yox idi. Çətin və zəhmətli, lakin bir o qədər də zövqlü bir yol oldu və mən bunu bacardım. On minlərlə pasiyent öz yaşadığı ərazidə dünya standartlarında oftalmoloji xidmət aldı, minlərlə müxtəlif əməliyyatlar həyata keçirdim, göz travmaları zamanı vaxtında və düzgün müdaxilə bir çox insanın, əksəriyyəti uşaqlar idi, görməsini xilas etdi. Təcrübələrimi çiyin-çiyinə çalışdığım iş yoldaşım və həmkarımla bölüşməkdən hər zaman məmnuniyyət duydum.

- Oftalmologiyada “təcrübə” dedikdə, əsasən, nə nəzərdə tutulur?

- Oftalmoloq-cərrahlar həyata keçirdikləri əməliyyatlar və gördüyü klinik hallarla təcrübə qazanır, bunlar nə qədər çoxdursa, cərrah o qədər təcrübəlidir.

- Sizin hesabınızda neçə əməliyyat var?

- Beş mindən çox katarakta, mindən çox çəpgözlük, yeddi mindən çox ekzimer, minlərlə digər müxtəlif əməliyyatlar.

- Belə gərgin qrafik sizi üzmür ki?

- Əsla yox. İşimə olan sevgim və iş prosesindən aldığım zövq, insanlara nur bəxş etməkdən duyduğum fərəh hissi mənə dayanmadan işləmək, inkişaf etmək üçün stimul verir. Mən bütün həyatımı oftalmologiyaya həsr etmişəm və oftalmologiya mənim peşə deyil, həyat tərzimdir. Təcrübələrimi həmkarlarımla paylaşmaq, ilk addımlarını atan cərrahların əlindən tutmaq, onları yetişdirmək isə ayrı zövq verir.

https://www.youtube.com/watch?v=A49kqdv9Wkw

Onlarla cərrah yetişdirmişəm və yetişdirməkdə davam edirəm. Ümumiyyətlə, hesab edirəm ki, mən Azərbaycana həm vətəndaş, həm həkim, həm də pedaqoq kimi qayıtmışam.

- Karyeranızda ən böyük uğur nə sayılar?

- Hələ o uğura imza atmamışam. Hər dəfə qarşıma qoyduğum məqsədə çatdıqda yeni bir məqsəd qoymağa davam edirəm. Cərrahın inkişafı dayanmır, hər uğur yenisi uçun yalnız bir pillədir və belə davam edir. Hal hazırda sərbəst əməliyyat edən və mükəmməl nəticələri olan tələbələrim var. Sayları çoxalsın, hər nura qovuşan insanda mənim də zəhmət payım olmasını istəyirəm.

- Daim təcrübənizi həkimlərlə bölüşürsünüz, başınız çoxsaylı əməliyyatlara qarışıqdır, bəs öz üzərinizdə çalışmağa vaxtınız qalırmı?

- Vaxt tapmaq məcburiyyətindəyəm. Tibb günbəgün inkişaf edən bir sahədir və bu tərəqqidən geri qalmaq olmaz. Hazırda katarakta əməliyyatlarında istifadə olunan “ağıllı linzalar”a dair elmi-tədqiqat işləri ilə məşğulam, hesab edirəm ki, bu linzaların tətbiqi tezliklə geniş vüsət alacaq. Eyni zamanda vebinarlar təşkil edərək həmkarlarımı maarifləndirməyə də davam edirəm.

- Bildiyim qədər, sosial fəaliyyətiniz də var...

- Bu haqda çox danışmağı xoşlamıram. Amma düz eşidibsiniz, tez-tez kimsəsiz uşaqlara, şəhid ailələri və qazilər üçün təmənnasız əməliyyatlar edirəm. Bunu özümə borc hesab edirəm.

https://www.youtube.com/watch?v=SOMrsu6XGXk

- Sizə uğurlar arzulayırıq.

- Təşəkkür edirəm. Gözləriniz həmişə nurlu olsun.

Həkim haqqında məlumat

instagram @drgulshendikmen

055 808 84 23

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR