Gürcüstanda 22 Qarabağ şəhidinin ailə üzvləri ilə görüş keçirilib - FOTO

Gürcüstanda 22 Qarabağ şəhidinin ailə üzvləri ilə görüş keçirilib - FOTO
# 04 noyabr 2021 14:44 (UTC +04:00)

Gürcüstanda Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olan 22 Qarabağ şəhidinin ailə üzvləri ilə görüş keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, paytaxt Tbilisidə keçirilən görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun həmsədri Arzu Nağıyev, Gürcüstan parlamentinin deputatları Zaur Darğallı, Savalan Mirzəyev, Marneuli meri Kənan Omarov, ictimai-siyasi xadimlər iştirak edib.

Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən səfir Faiq Quliyev bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar müharibə dövründə, eləcə də ondan sonrakı bir il ərzində hər zaman Azərbaycana mənəvi dəstək verib, Marneulidə, Gürcüstanın digər bölgələrində keçirilən aksiyalarda siyasi əqidəsindən asılı olmayaraq hər kəs Azərbaycanla həmrəylik nümayiş etdirib. Türkiyə səfiri Fatma Ceren Yazqan isə qeyd edib ki, Qarabağ müharibəsi şəhidləri Azərbaycanın və bölgənin gələcəyi üçün canlarından keçiblər.

Tədbirdə Vətən müharibəsi şəhidlərinə həsr edilmiş sənədli film təqdim edilib. Görüşün sonunda Qarabağ şəhidlərinin azərbaycanlı rəssamlar tərəfindən çəkilən portretləri və “AzərMarka”da hazırlanan poçt markaları onların ailə üzvlərinə təqdim edilib və ehsan süfrəsi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR