Gürcüstanda Müstəqillik Günü qeyd olunur

Gürcüstanda Müstəqillik Günü qeyd olunur
# 26 may 2021 08:42 (UTC +04:00)

Bu gün Gürcüstanda dövlət bayramı - Müstəqillik Günü qeyd edilir.
APA-nın yerli bürosunun məlumatına görə, Müstəqillik Günü münasibəti ilə bu gün saat 11-də Tbilisinin Azadlıq meydanında təntənəli mərasim keçiriləcək.

Mərasimdə Döyüş Təlim Mərkəzinin 247 hərbçisi hərbi and içəcək və Gürcüstan Silahlı Qüvvələrinin tam üzvü olacaq.

Daha sonra Gürcüstan Silahlı Qüvvələrinin arsenalında olan müxtəlif silah və hərbi texnikalar nümayiş olunacaq. Mərasimdə Gürcüstanda modifikasiyası yenicə başa çatdırılmış SU-25 qırıcı təyyarələri də iştirak edəcək.

Müstəqillik Günü münasibəti keçirilən təntənəli mərasimdə Polşa Prezidenti Andrey Duda da iştirak edəcək.

Qeyd edək ki, Pandemiya səbəbi ilə Gürcüstanda Müstəqillik Günü dövlət bayramı əvvəlki illərdən fərqli olaraq yürüş və müxtəlif sərgilər olmadan keçirilir.

Xatırladaq ki, Gürcüstanın Milli Şurası 103 il öncə - 26 may 1918-ci ildə “Gürcüstanın Dövlət Müstəqilliyi Aktı”nı qəbul edərək ölkənin istiqlaliyyətini elan edib. Noe Jordaniya Gürcüstan Demokratik Respublikasının (GDR) ilk prezidenti seçilib. 30 ay davam edən dövlət müstəqilliyi sovet istilası nəticəsində başa çatıb. Gürcüstan müstəqilliyini bir də 70 il sonra – 9 aprel, 1991-ci ildə bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR