Həkim: "COVID-19-u ağır keçirmiş şəxslərdə posttravmatik stress pozuntusu yarana bilər"

Həkim: "COVID-19-u ağır keçirmiş şəxslərdə posttravmatik stress pozuntusu yarana bilər"
# 22 iyun 2021 12:03 (UTC +04:00)

“COVID-19 pandemiyası sağlam insanların psixikasına həddən artıq neqativ təsir göstərib. Pandemiyanın bu neqativ təsiri bəzi hallarda, məsələn COVID-19 xəstəliyini ağır keçirmiş və ya yaxınını itirmiş şəxslərdə bilavasitə müşahidə olunub”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov deyib.

Onun sözlərinə görə, digər hallarda isə dolayı yolla, iqtisadi və sosial problemlərlə, həmçinin çox sayda insanların həyat tərzinin dəyişməsi nəticəsində baş verib: “Bu psixoloji nəticələrin bir çoxu pandemiya bitdikdən sonra da uzun müddət davam edir. Məsələn, müəllimlərin çoxu ilə müsahibə zamanı onlar onlayn təhsilə keçdikdən sonra şagirdlərin müvəffəqiyyətinin və dərslərə münasibətinin pisləşdiyini qeyd edirdi. Buraya həmçinin uzunmüddətli psixoloji nəticələri ola biləcək dərnək, kurs, idman seksiyalarının ilyarım müddətinə bağlanması da aid edilə bilər. Prinsipcə, neqativ təsirlər haqqında çox yazılıb. Buna görə də, nə qədər paradoksal səslənsə də, mən bir neçə müsbət aspekti qeyd etmək istərdim. Birincisi, bir çox insanlarda dəyərlər sistemi dəyişib. Xüsusilə, ailə və dost münasibətlərinin əhəmiyyəti artmışdır və eyni zamanda düşünülməmiş istehlak və göstərişlə bağlı davranışların sayı azalıb. İkincisi, insanların psixologiyasında sağlamlıq və təhsillə bağlı məsələlər üstünlük təşkil etməyə başladı. Nəhayət, cəmiyyətin psixoloji resursları və infeksion xəstəliklər, gigiyenik normalara riayət hallarının sayı artdı. Yadınızdadırsa, ilk əvvəldə COVID-19 haqqında çox sayda əsassız fikirlər yaranmışdı, bir çoxu pandemiyaya ümumiyyətlə, inanmırdı. İndi isə, praktik olaraq hər kəs bu məsələdə “mütəxəssis” olub.
  
Əhalinin müxtəlif qrupları fərqli psixoloji problemlər yaşayır. Məsələn, COVID-19 səbəbindən həyatını itirmiş şəxslərin qohumlarında çox zaman uzunmüddətli depressiya qeydə alınır. COVID-19-u ağır keçirmiş şəxslərdə posttravmatik stress pozuntusu yarana bilər. Koronavirus xəstəxanalarının ağır şərtlərində çalışan bir çox həkim və tibb işçilərində “peşə tükənməsi sindromu” müşahidə edilə bilər. Ağır fiziki xəstəliyi olan və yaşlı şəxslərdə çox halda təşvişli-fobiya pozuntusu qeydə alınır. Psixi pozuntusu olan şəxslərdə simptomların ağırlaşması baş verə bilər. İşsiz qalmış və uzun müddət karantində olan şəxslərdə adaptasiya pozuntusu yaranır. Bir neçə gün öncə mən pandemiya dövründə psixi sağlamlıq problemlərinə həsr olunmuş videokonfransda iştirak etmişəm. Bu konfransda pandemiyanın psixi sağlamlığa təsirinin qarşısının alınması üzrə 2021-2025-ci illər üçün Avropa Fəaliyyət Planı qəbul edilib”.
 
Həkimin sözlərinə görə, iybilmə və dadbilmənin itirilməsi KİV-də ən çox adı çəkilən COVID-19 əlamətləridir və buna görə də onların yaranması insanlarda panikaya səbəb olur: “Lakin bu məsələyə tənqidi yanaşsaq, müşahidə edə bilərik ki, bir çox halda bu simptomlar keçib gedir və qoxu və dad hissiyyatı tam şəkildə bərpa olunur. Prinsipcə, bu əlamətlər saturasiyanın düşməsi və ya sitokin “hücumu” ilə müqayisədə kifayət qədər “zərərsizdir”. Nəhayət, iybilmə və dadbilmənin pozulması bir çox soyuqdəymə halları üçün xarakterikdir. Həmçinin yadda saxlamaq lazımdır ki, panika vəziyyəti qoxu və dad hissiyyatının bərpasına kömək etmir, lakin COVID-19 əlamətlərini dərinləşdirir. Bu səbəbdən də, təşviş keçirmək əvəzinə, dərhal müayinə olunmaq və ehtiyac olduqda müalicə almaq lazımdır. 

Sözün düzü, mən hələ də başa düşə bilmirəm ki, insanlardan vaksinasiyadan niyə qorxur. Birincisi, 3 yaşına qədər hər bir uşaq müxtəlif xəstəliklərlə bağlı ən azı 7 peyvənd olunur. Bunun sayəsində dünyada çiçək, difteriya demək olar ki, itib, vərəm, poliomielit, göyöskürək, qızılca ilə xəsətələnmə isə xeyli azalıb. İkincisi, vaksinasiyanın ağırlaşması riski ağır COVID-19 ilə xəstələnmə ehtimalını azaldır. Bundan əlavə, kollektiv immunitet əldə olunması pandemiyanın qarşısını ala bilər. Kollektiv immunitet ya insanların çoxu COVID-19 ilə xəstələnsə, ya da vaksinasiya olunsalar formalaşa bilər. İkinci variant şübhəsiz ki, daha məqsədəuyğundur. Mən məhdudlaşdırıcı tədbirlərin tərəfdarı deyiləm, lakin hesab edirəm ki, bu məsələdə prinsipiallıq göstərilməlidir. Əgər insan normal həyat yaşamaq istəyirsə, normal təhsil almaq və ya işləmək, ictimai tədbirlərdə iştirak etmək, idmanla məşğul olmaq, yığıncaqlarda görüşmək istəyirsə, məsuliyyət nümayiş etdirməli və peyvənd olunmalıdır. Əlbəttə, peyvəndləmə könüllü aparılır, bu hər kəsin sərbəst seçimidir. Lakin peyvəndləmədən imtina etdiyi halda o, evdə qalmalı və özünün və ətrafdakıların yoluxmasından yayınmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR